İnşaat kollecinin AzMİU-nun tədris və elmi-pedaqoji həyatına inteqrasiyası davam edir


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Keyfiyyət təminatı və Monitorinq Mərkəzinin və Elmi-tədqiqat şöbəsinin birgə təşkilatçılığı ilə universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində “Müasir tədris metodikaları və elmi nəşrlər” mövzusunda seminar təşkil olunub. 

Keyfiyyət təminatı və Monitorinq Mərkəzinin direktoru Könül Ağayeva çıxış edərək, yeni tədris metodikaları, onların müxtəlif ixtisasların mühazirə və məşğələ dərslərində tətbiq olunması istiqamətləri barədə geniş məlumat verib. Könül Ağayeva qeyd edib ki, AzMİU tədris metodikaları ilə bağlı ən qabaqcıl təcrübələri öyrənir və bu təcrübələrin istər universitetdə, istərsə də kollecdə tətbiq edilməsi üçün mütəmadi olaraq monitorinqlər və yeniləmələr həyata keçirilir. 

AzMİU-nun Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli isə çıxışında kollec əməkdaşlarına elmi məqalənin strukturu, məqaləyə uyğun jurnal seçimi, məqalənin jurnal tələbatına uyğun hazırlanması qaydaları haqqında məlumat verib. Eyni zamanda AzMİU-da fəaliyyət göstərən 5 elmi periodik jurnala məqalə qəbulu qaydalarını izah edərək, müəllimlərin tədqiqat fəaliyyətinin yüksəldilməsi məqsədilə Elmi-tədqiqat şöbəsi tərəfindən təşkil olunan Beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan dövri elmi nəşrlərdə məqalələrin dərc edilməsinə dair seminarlarda iştirak etməyə dəvət edib.

Qeyd edək ki, Beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan dövri elmi nəşrlərdə məqalələrin dərc edilməsinə dair seminarlarda iştirak etmək istəyənlər aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/aHAhjsUskwqfQMHj6 

Seminar kollecin müəllim heyəti arasında elmi-pedaqoji və elmi-tədqiqat istiqamətləri üzrə fikir mübadiləsi ilə başa çatıb.
 

23-02-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]