Universitetimizin müəllimi Türkiyədə mühəndis kommunikasiya sistemləri və su təchizatı mövzularında seminarlar keçir


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis Kommunikasiya sistem və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimov Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində Türkiyədə səfərdədir. 

Aqşin Kərimov Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələrə “Mühəndis kommunikasiya sistem və qurğularının tikintisi, su təchizatı sistemləri” mövzusunda seminarlar keçib. Seminarlarda mühəndis kommunikasiya sistemləri və su təchizatı istiqamətlərində Azərbaycanın təcrübəsi, yaradılan infrastruktur layihələri, həmçinin AzMİU-da aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. 

Bundan əlavə, Aqşin Kərimov Uludağ Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələrinə Su təchizatı sistemləri mövzusunda dərslər keçib. Dərslərdə Uludağ Universitetinin İnşaat fakültəsinin dekan müavinləri Murat Kankal və Mustafa Şenkaya da iştirak ediblər. 

Aqşin Kərimov səfər çərçivəsində Uludağ Universitetinin Hasan Öztimur İnşaat fakültəsinin dekanı professor Adem Doğangünlə görüşüb. Görüşdə hər iki universitetin professor-müəllim heyətinin qarşılıqlı stajkeçmə imkanları və əlaqələrin daha da genişlənməsi ilə bağlı məsələlər müzakirə edilib. Qarşılıqlı stajkeçmə məsələsinin önəminə toxunulub.
 

22-02-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]