Elmi məqalələrin hazırlanması qaydaları ilə bağlı seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Tələbə Elmi Cəmiyyəti”nin (TEC) təşkilatçılığı ilə magistrant və doktorantlar üçün “Elmi məqalələrin hazırlanması qaydaları” adlı seminar keçirilib.
Seminarda STMK fakültəsi TEC-nin sədri, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti, “Elmi Əsərlər” jurnalının məsul katibi Samirə Əkbərova mövzu üzrə təqdimat edib.
Məruzəçi gənc tədqiqatçıları elmi məqalə anlayışı, elmi məqalənin strukturu, açar sözlərin seçilməsi, eləcə də giriş, əsas hissə və nəticənin yazılması, ədəbiyyat siyahısının tərtib olunması kimi vacib məsələlər barədə məlumatlandırıb.
Beynəlxalq elmi bazalara daxil olan jurnallar, bazada məqaləyə uyğun jurnal axtarılması, qeydiyyat qaydaları, impakt faktor anlayışı, məqalənin seçilmiş jurnalın tələblərinə uyğun hazırlanması və jurnala təqdim edilməsi prosesindən danışıb.
Seminarda, həmçinin iştirak edən digər müəllimlərin də mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.