Tələbəmizin layihəsi “Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramının qalibi olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya mühəndisliyi ixtisaslaşması üzrə magistrantı Hüsniyyə Necati elm sahəsində Avropanın ən qabaqcıl proqramlarından biri olan “Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramını qazanıb. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən maliyyələşdiriləcək qrant Hüsniyyə Necatinin “Abşeronda neft və qazla çirklənmiş ərazilərin təmizlənməsi” layihəsinə ayrılıb.
AzMİU-nun Ekologiya kafedrasının baş müəllimi Fərhad Əliyevin elmi rəhbərliyi ilə hazırlanan layihədə Abşeron yarmadasının neft və qazla çirklənmiş ərazilərinin təmizlənərək ekoloji tarazlığının təmin olunması nəzərdə tutulub.
“Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramı Hüsniyyə Necatiyə bir il müddətində Avropanın, xüsusilə Almaniyanın mövzu ilə əlaqədar ən qabaqcıl universitet və elmi-tədqiqat institutlarında təcrübələr aparmağa imkan verəcək.
Məlumat üçün bildirək ki, əslən Cənubi Azərbaycandan olan tələbə Hüsniyyə Necati həm də Radiasiya Problemləri İnstitutunda çalışır.
Qeyd edək ki, “Mariya Skladovskaya- Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı laureatına layiq görülmüş kimyaçı-fizik Mariya Skladovskaya-Kürinin adı ilə adlandırılmışdır.
Mariya Küri magistrant və doktorantlar üçün əsas proqramlardan biri olub, təqribən 25000 magistrant və doktorantı maliyyələşdirən və karyerasının hər hansı bir mərhələsində olan alimlər üçün qrantlar təqdim edən proqramdır. Alimlər bu proqram vasitəsilə xarici ölkədə təcrübə qazanır, təlim və karyeralarında daha böyük irəliləyiş imkanı əldə edirlər.
Proqramı qazanan şəxsin xaricdəki yaşayış xərcləri, o cümlədən, mübadilə proqramı çərçivəsində təhsil alması üçün universitet xərcləri bu proqram tərəfindən maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən universitetdən və fəaliyyət növündən asılı olaraq dəyişir.