Tələbəmizin uğuru-ölkə bazarında alternativi olmayan “N’us Gallery” layihəsi “Startap” şəhadətnaməsi aldı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi, fərdi sahibkar Nigar Novruzzadənin “N’us Gallery” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi alıb.
Memarlıq fakültəsinin IV kurs tələbəsi olan Nigar Novruzzadə Azərbaycanda ilk dəfə olaraq incəsənət əsərlərinin satışı üçün onlayn platforma yaradıb. Onun yaratdığı N’us Gallery (https://nus.gallery/) ölkə bazarında alternativi olmayan innovativ incəsənət platformasıdır. Platforma rəssamları, dizaynerləri, eləcə də incəsənətlə məşğul olan insanları bir çətir altında toplamağı hədəfləyir. Təcrübəli, eləcə də gənc rəssamlar, dizaynerlər və sənətlə məşğul olan insanlar platforma vasitəsilə öz işlərini asanlıqla satışa çıxara bilərlər. Hazırda platforma 500-dən çox rəssamla əməkdaşlıq edir. İndiyədək platformaya 30-dan çox əsər yerləşdirilib. Burada yerləşdirilən əsərlərin qiymətləri 50-20.000 manat arasında dəyişir. Hələlik isə platforma vasitəsilə satılan ən bahalı əsərin qiyməti 500 manat olub.
“N’us Gallery” Azərbaycan startap ekosisteminin nümunəsi kimi Rusiyada elektron qaydada keçirilən yarışmada 120 startap arasında "Orijinal ideya" nominasiyasına layiq görülüb. Layihə, eyni zamanda, Azərbaycanda 40 startap üzərində aparılan test mərhələsindən uğurla keçərək, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) proqramının iştirakçısı olub.