Asiman Əlizadə AzMİU və İTU arasındakı ikili diplom proqramının ilk məzunu olub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin İstanbul Texnik Universitetinin (İTU) ikili diplom proqramının tələbəsi Asiman Əlizadə bu proqram üzrə ilk məzun olub. 

Asiman Əlizadə 2019-cu ildə AzMİU və İTU arasında həyata keçirilən ikili diplom proqramı üzrə İnşaat fakültəsi İnşaat mühəndisliyi ixtisasına daxil olub. Asiman Əlizadə ilk 2 ili AzMİU-da təhsil alıb, sonra təhsilini İTU-da davam etdirib. Beləliklə, təhsilini uğurla başa vuran Asiman Əlizadə proqramın ilk məzunu adını qazanıb.  

AzMİU və İTU arasında 2018-ci ildə imzalanan ikili diplom müqaviləsi əsasında bakalavriat səviyyəsində İnşaat mühəndisliyi ixtisası üzrə tədris aparılır. Proqramın təhsil müddəti 4 il, tədris dili ingilis dilidir. Həm Azərbaycandan, həm də Türkiyədən olan tələbələr 2 il AzMİU-da, 2 il isə İTU-da təhsil alırlar. İxtisas üzrə normativlərdən əlavə tələbələr hər iki universitetin qəbul etdiyi beynəlxalq testlərdən birinin (TOEFL IBT: minimum 72/120, İTU - AzMİU xarici dil bilmə imtahanı: minimum 60/100) balını toplayaraq ingilis dili səviyyələrini təsdiq edir. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə AzMİU və İTU-nun diplomları təqdim olunur.

AzMİU və İTU arasında həyata keçirilən bu proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, peşəkar inkişafına şərait yaradan zəngin tədris planı təqdim etməkdir. Hazırda ikili diplom proqramı üzrə 12 azərbaycanlı və 5 türk tələbə İTU-da; 36 azərbaycanlı və 3 türk tələbə AzMİU-da təhsillərini davam etdirir. 

Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin İstanbul Texnik Universiteti ilə yanaşı, İtaliyanın Milan Politexnik Universiteti, Parisin CNAM Universiteti, magistratura səviyyəsi üzrə isə İspaniyanın Coruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom proqramları həyata keçirir. Böyük Britaniyanın Vestminster Universiteti (memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisasında) və Türkiyənin Ankara Universiteti (elektrik və elektronika mühəndisliyi) ilə imzalanan ikili diplom proqramı üzrə bu ildən etibarən tələbə qəbulu həyata keçiriləcək.
 
 

05-02-2024