Rektor gəncləri bilik və bacarıqlarını ölkəmizin inkişafı naminə səfərbər etməyə çağırdı


2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsildə və ictimai fəaliyyətdə fərqlənən tələbə-gənclərlə görüş keçirilib. 

Əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində canını fəda edən Şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili çıxış edərək Gənclər Günü barədə ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb. Şahmar Rəfili bildirib ki, qazandığımız qələbələr və ölkəmizdə həyata keçirilən islahatlar sayəsində bugünkü gənclik dövlətimizin ən parlaq zamanına şahidlik edir.
Təşkilat sədri çıxışında qeyd edib ki, ölkəmizin dayanıqlı gənclər siyasəti AzMİU-da uğurla həyata keçirilir. 

Universitetin rektoru professor Gülçöhrə Məmmədova Gənclər Günü münasibətilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.   

Rektor  tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərməyi, mənəvi baxımdan sağlam, intellektli, savadlı gənclik olmalarını,  bilik və bacarıqlarını  ölkəmizin inkişafı naminə səfərbər etmələrini, üzərlərinə düşən vəzifələrini vicdanla, məsuliyyətlə icra etməyi tövsiyə edib. 

Gülçöhrə Məmmədova çıxışında qeyd edib ki, bu gün gənclərimiz ölkənin inkişafında fəal rol oynayırlar: “Onların uğurlu fəaliyyətini bütün sahələrdə görmək mümkündür. Azərbaycanın vahid gənclər siyasəti ölkəmizin bütün strukturlarında  olduğu kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də uğurla davam etdirilir. Ali təhsil ocağı  yarandığı gündən kollektivi və məzunları ilə ölkəmizin həyatında misilsiz xidmətlər göstərir. Dövlətçiliyin daha da möhkəmləndirilməsinə, inkişafımızı təcəssüm etdirən tikinti-quruculuq işlərinə önəmli töhfələr verir. Bu köklü ali təhsil müəssisəsi Ulu Öndər Heydər Əliyev prinsipinə sadiq qalaraq vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir”.

Rektor  44 günlük Vətən müharibəsində ölkəmizə parlaq qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazan, əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman gənclərimizi də unutmayıb. Vətən müharibəsində gənclərin  yüksək iradə, əzm, milli ruh və vətənpərvərlik nümayiş etdirdiyini diqqətə çatdırıb.  

Gülçöhrə Məmmədova yaxın günlərdə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərindən də danışıb: “Azərbaycan gəncləri hər zaman öz  fəallığı ilə seçilir, əminliklə deyə bilərik ki, qarşıdan gələn prezident seçkilərində də bu fəallıq özünü göstərəcək. İnanıram ki, tələbə-gənclərimiz Azərbaycanın sağlam gələcəyi, uğurları, rifahı naminə layiqli namizədə səs verəcəklər!

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr  üzrə prorektor Orxan Naqdiyev çıxış edərək bildirib ki, bu görüşdə universitetin xüsusi nailiyyətləri ilə seçilən tələbə-gəncləri də iştirak edirlər. Bu gənclər öz müsbət fəaliyyətləri ilə özlərini təsdiqləyib, təhsildə, ictimai həyatda, idmanda seçilməyi bacarıblar.  

Universitetin Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə ölkə rəhbərliyi tərəfindən mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasətinin gənc nəslin ictimai-siyasi həyatdakı rolundan danışıb. Bu qayğının nəticəsi olaraq bildirib ki, gənclər ölkənin aparıcı qüvvəsinə çevrilib, öz üzərində işləyən, özünü inkişaf etdirən, dövlət siyasətinə layiq gənclik  formalaşıb. 

AzMİU-İTU inşaat ixtisası üzrə ikili diplom proqramının ilk məzunu Asiman Əlizadə və tədbirdə iştirak edən digər tələbə-gənclərin də çıxışları dinlənilib.

Onlar ölkədə baş verən proseslərdən, gənclərə qayğıdan danışıb, AzMİU rəhbərliyinin onlara yaratdığı şəraitdən, sağlam mühitdən razılıq ediblər. 

Sonda əlamətdar tarixi gün münasibətilə ictimai və təhsil həyatında, idmanda fərqlənən tələbələrin təltif olunma mərasimi keçirilib. 

Universitet rəhbərliyi tərəfindən “Heydər Əliyev adına təqaüd”ə layiq görülən AzMİU-nun 2 tələbəsinə diplomlar, digər tələbələrə isə təşəkkürnamələr təqdim olunub.
 

02-02-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]