AzMİU-da ilk dəfə səs verəcək tələbələr üçün seminarlar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilib.
Seminarlar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı, AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşib.
Silsilə şəklində baş tutan seminarlarda Mərkəzi Seçki Komissiyasının şöbə müdirləri, üzvləri, dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
MSK nümayəndələri tərəfindən gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunub və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Maarifləndirici seminarlarda 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar seçkidə səsvermə hüququna malik 2000-ə yaxın AzMİU tələbəsi iştirak edib.
Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.