AzMİU-da imtahan “şifrə”si açıldı: sakit otaqlar, həyəcanlı tələbələr, şəffaf yoxlama... - Reportaj


Bir vaxtlar dünyanı fəth edən və indiki liderlərindən fərqli olaraq Fransaya şərəf gətirən Napoleon Bonapart deyib ki, həyatda qorxduğum yeganə amil imtahandır. Heç şübhəsizdir ki, o, bu fikrini səsləndirərkən mübaliğə etməyib. 

Yox, elə təəssürat yaranmasın ki, Napoleonun xatirələrindən və qorxularından danışacağıq. Elə isə, doğru anladınız, imtahandan və tələbələrdən söhbət açacağıq. 

Tələbələrin imtahan həyacanına şərik olmaq üçün yolumuzu Azərbaycan Memarlıq və İnşaat Universitetindən saldıq. Necə deyərlər, AzMİU-da hər şey sanki bir memar əli ilə idarə olunur. Ətrafda gördüyümüz hər nəsnədə, hər işdə sevgi, yaradıcı ruh, əmək hiss edilir. Düzdür, bu universitetdə daha çox mühəndis, texnik yetişdirilir, amma memarlığın ruhu təhsil ocağının hər tərəfinə yayılıb. Biz də insanı valeh edən bu ab-havanın mənbəyindən, Memarlıq fakültəsindən başladıq. 

İlk qarşılaşdığımız mənzərə valehedicidir, geniş və işıqlı dəhlizlər, möhtəşəm memarlıq layihəsi, tələbələrin divarlardan asılan əl işləri, heykəllər və s. Amma bir qəribəlik də var, tədris binasından səs gəlmir. Sanki burada tələbələr təhsil almırlar. Özlüyündə bu çaşdırıcı olsa da, memarları tanıyınca, məsələnin mahiyyəti anlaşılır. Yaradıcı insan niyə qışqırsın ki?!

Budur, gəlib, çatdıq hadisə yerinə - tələbələr nə isə çəkirlər, bəziləri nə isə düzəldirlər. 

Digər otaqda isə həyəcanla kurs işlərini planşetə (tabloya) yerləşdirirlər. İşləri burada səliqə-sahmana saldıqdan sonra xüsusi ayrılmış otaqlara aparacaqlar. Düşünürəm ki, onların aralarındakı dialoq sizin üçün də maraqlı olacaq.

Səidə: Bu gecəni yatmamışam. Səhərə kimi işləmişəm.

Günel: Təkcə bu gecəni? Mən son iki aydır, yuxu nədi unutmuşam. 

Səidə: Yox, əlbəttə, çox yuxusuz qalmışam, amma bu gecə həyəcan heç rahat buraxmadı məni.

Aida: Qızlar, mən işin bir hissəsini kopyalamışam (surətini çıxarmaq). İnşallah müəllim sıfır yazmaz.

Və otağa sakitlik çökür, digər tələbələr dərin sükutla Aidaya baxırlar. Bizdə də növbəti mərhələ ilə bağlı suallar yaranır – Görəsən, bütün məsumiyyəti ilə səhvini etiraf edən Aida sıfır alacaq?   


İmtahan otağında AzMİU-nun Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva ilə qarşılaşdıq. Yeganə xanım kafedranın müəllimləri ilə birgə işlərə baxır və hamısı əllərindəki kağızda qeydlər aparırlar. Əlbəttə ki, qeydlər apardıqca, aralarında fikir mübadiləsi də edirlər. 

Yeganə Hacıyeva: Bu iş çox xoşuma gəldi. “Lal iş” deyil, danışır. Baxanda hər şey aydın olur. 

Gülnarə Əsgərəlizadə: Mənim də xoşuma gəldi. Rənglərdən çox mükəmməl istifadə edib.

Yeganə Hacıyeva: (Başqa işə baxarkən) Bu bizim tapşırığımız deyil. Tələbə başqa iş işləyib. 

Elşad Əliyev: Amma mükəmməldir. Bir tələbə bunu necə işləyə bilər axı?

Yeganə Hacıyeva: Maraqlı sualdı. Qeydlərimizi götürək, aydınlaşdırarıq. Böyük ehtimalla tələbə hansısa müəssisədə işləyir və çalışdığı yerin sifarişini icra edib. 

Onların bu dialoqunu dinləmək bizi xeyli rahatlaşdırdı. Bu qədər mükəmməl görünən işlərdə bir nəzərdə çatışmazlığı sezən, plagiyatları anındaca aşkar edən müəllimlərin tələbələri əlbəttə ki, gələcəkdə onlar kimi peşəkar olacaqlar. Demək ki, memarlığımız və dizayn sahəmiz etibarlı əllərdədir.   

Yeganə Hacıyeva bildirir ki, bu imtahanlarda ancaq müəllimlər iştirak edirlər: “Qrupun kurs lahiyəsi vahid tapşırıq şəklində, kafedrada təsdiq olunur. Bu tapşırıqların qiymətləndirilməsi üçün blank yaradılır. Protokol qiymətləndirməyə 4 müəllim cavabdehdir. İmtahanda yalnız müəllimlər iştirak edir. Amma imtahan qiymətini həmin qrupa dərs deməyən paralel müəllimlər yoxlayır. Məsələn, Azərbaycan bölməsinin işini rus bölməsinin müəllimləri yoxlayır və ya əksinə. 
Tələbələrdən müvafiq mövzu ilə əlaqədar sərbəst işlər də tələb olunur. Hər ay bu işlər təhvil verilməlidir. Dərs müddətində isə müxtəlif layihələr işləyirlər”. 

 

Memarlıq fakültəsi Dizayn ixtisası üzrə təhsil alan I kurs tələbələrinin imtahan işləri

Bütün tələbə və müəllimlərə uğurlar arzulayıb, Memarlıq fakültəsində topladığımız bol müsbət enerji ilə universitetin digər tədris binasına yollanırıq. Burada yazılı və test imtahanlarını izləyəcəyik. Təbii ki, addımlarımızı ehmallı atmaq şərti ilə. Son günlər imtahanlarla bağlı keçirilən “Açıq Qapı” və Mediaturlara qarşı sosial şəbəkələrdə yazılan aqressiv statuslara görə bir az tərəddüd də edirik. Tələbələrə mane olacağımızdan ehtiyatlanırıq və bütün tərəddüdlərimizlə, ehtiyatımızla digər tədris binasına çatdıq. İmtahan zalı geniş və səliqəlidir. O qədər sakitlikdir ki, elə bil, heç kim bir-birini görmür. Hamı sualları cavablandırır. Əlbəttə ki, yerində qıvrananlar da gözümüzdən qaçmadı. Lap hazırlıqsız imtahana getməyimizi xatırladıq. 

Deyəsən, imtahan sona yaxınlaşır, tələbələrdən tək-tək çıxanlar var. İlk müsahibimizi müəyyən etdik. Universitetin İnşaat fakültəsində təhsil alan Əli Əbdürəhmanlı yazılı imtahandan çıxıb və nəticədən nigaran deyil: “Düzdür, qiymətimi bir gün sonra biləcəm, amma nigaran deyiləm. Çünki yaxşı hazırlaşmışdım, mümkün qədər əhatəli yazmağa çalışdım”. 

Hidrotexniki Tikinti mühəndisliyi ixtisası üzrə təhsil alan Elnarə  Nəsirli isə test imtahanlarından şikayətləndi: 
“İmtahan prosesi çox şəffaf keçir. Hər cür şərait yaradılıb, müəllimlərin qiymətləndirməsi də yaxşıdır, yazdığımıza adekvat olur. Düşünürəm ki, yazılı imtahanlar daha rahatdır və daha uyğundur. Fikrimizi daha yaxşı ifadə edə bilirik. Test imtahanlarında yüzlərlə sual verilir. Onların hamısını oxumaq çox vaxt aparır. Məcbur əzbərləyirik, elə olanda isə nəsə öyrənmiş olmuruq”. 

Elnarənin bu cavabına münasibət birmənalı olmadı, tələbələrdən test tərəfdarı olanlar daha çoxdur, deyəsən..

Gələcəyin inşaat mühəndisi Aytən Qarayeva isə vurğulayır ki, metodların fərqi yoxdur: “Semestr ərzində oxuyub, yaxşı bal aldığım üçün imtahanlardan keçmək də mənim üçün bir qədər rahatdır. İmtahanın test və ya yazılı olmasının fərqi yoxdur. Oxuyan hər bir tələbə imtahanlarda yüksək nəticə göstərir”. 

Bəs görəsən, suallar necə tərtib olunur, imtahan prosesi ümumilikdə necə təşkil edilir? Bu və ya digər suallarımızı AzMİU-nun İmtahan Mərkəzinin direktoru Mehdi Soltanova ünvanladıq. 

Mehdi müəllim qeyd edir ki, yazılı imtahanlar üçün sualları fənn müəllimləri tərtib edir: “Müəllimlər sualları hazırladıqdan sonra kafedra müdiri onu nəzərdən keçirir. Sonra isə blok şəklində bizə verilir. Yazılı imtahan sualları 5 bloka bölünür. Biz 5 blokdan müxtəlif sualları seçərək imtahan biletləri hazırlayırıq. Hər biletdə 5 sual olur. Suallar maksimum 10 bal üzərindən qiymətləndirilir. İmtahandan sonra kodlaşdırılma prosesi başlayır. Kodlaşdırılma yerinə yetiriləndən sonra yoxlama zalına müəllimlər gəlir və xüsusi nəzarət altında yoxlama işləri aparılır”. 

İmtahan Mərkəzi direktorunun sözlərinə görə, şəffaflığın tam təmin edilməsi üçün test imtahanlarının kodlaşdırılmasını universitetdən kənar şəxslər təşkil edirlər: “Test imtahanları baza, açıq, analoq və testlərin bölgü cədvəlindən ibarətdir. Birinci növbədə biz bölgü cədvəlini və baza testlərini müəllimdən alıb yoxlayırıq. Hər şey qaydasındadırsa, testlər elektron sistemdə işlənir. Universitetlə müqaviləsi olan şəxslər var ki, onlar testlərin kodlaşdırılması, variantlara bölünməsi, tələbələrin qarşısına çıxarılması məsələlərini həyata keçirir. Bu işləri tam yerinə yetirdikdən sonra imtahan cədvəli qurulur və tarixlərə uyğun tələbələr imtahana gəlirlər. Test imtahanlarının qiymətləndirilməsi isə tələbə imtahanı verəndən sonra təsdiq edilir və bal avtomatik görünür”.

Və nəhayət şifrələnmə otağına gəlirik. Əvvəlcə girişimiz qadağan edildi. Universitet rəhbərliyinə müraciətimizdən sonra işi müvvəqəti saxlayaraq, otağa daxil olmağımız üçün şərait yaradıldı. Gördüklərimiz deməyə əsas verir ki, bura həqiqətən də şifrələnmə otağıdır. 


 
Şifrələnmə komissiyasının sədri Şahmar Rəfili proseslə bağlı bizə məlumat verir: “Bura yazılı imtahan vərəqlərinin şifrələnməsi otağıdır. Əsas məqsədimiz yazılı imtahanlarda müəllimin yoxlaması zamanı hansı işin, hansı tələbəyə aid olmasını bilməsinin qarşısını almaqdır. Yazılı imtahan vərəqləri bizə gəlir. Sonra vərəqdən tələbənin ad, soyadı yazılan hissəsi çıxarılır, həmin hissəni özümüzdə saxlayırıq və əvəzində işə xüsusi seriyalı şifrə vurulur. Müəllim bu işləri yoxlayarkən, hansı tələbəyə aid olduğunu bilmir. Bir qrupun yoxlanılma prosesi bitdikdən sonra sualların balları yazılır və işlər bizə geri qaytarılır. Sonra şifrəni açırıq. Tələbələrin ballarını cədvələ yazdıqdan sonra İKT şöbəsinə təqdim edirik. İmtahan verəndən  bir gün sonra tələbə öz elektron kabinetində imtahan balına baxa bilər. Əgər tələbə aldığı baldan narazıdırsa, elektron kabinetindən apellyasiyaya müraciət edə bilər. Hər həftənin 6-cı günü apellyasiyaya verən tələbələrimiz və müəllimlərimiz imtahan otağında cavabları müzakirə edirlər”. 

Düşünürəm ki, reportajımızı elə bu otaqda sonlandırmağımız daha məqsədəuyğundur. Bütün potensialımızla AzMİU-nun imtahan prosesinin şifrəsini sizin üçün açmağa çalışdıq. Tələbələrimizə bol şans, tükənməz uğurlar arzulayırıq, ümidvarıq, imtahandan kəsilməzlər.

 

                                           Azedu.az

18-01-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]