Gənc alimimiz iri şəhərlərdə dayanıqlı rekreasiya zonalarının təşkilini araşdırıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlığın əsasları kafedrasında elmi seminar keçirilib. Kafedranın memarlıq üzrə fəlsəfə doktoru dosent Fidan Mustafayeva “Qloballaşma mərhələsində olan iri şəhərlərdə dayanıqlı rekreasiya zonalarının təşkili” adlı elmi məruzə ilə çıxış edib.
Məruzədə qloballaşmış dünya şəhərlərinin inkişaf istiqamətində kəskin ehtiyac hiss edilən amillərin təyinatı problemi tədqiq olunub. Məruzəçi tərəfindən şəhərlərə müsbət təsir edən müasir, müxtəlif həll yollarına aid təkliflər səsləndirilib.
Bakının qloballaşma mərhələsində olduğuna diqqət çəkən Fidan Mustafayeva qabaqcıl şəhər infrastrukturuna malik olan Amsterdam, Tokio və Nyu-York şəhərlərindən real təcrübələri təqdim edərək paytaxtımızda tətbiq imkanlarından danışıb. Alim Bakının Gənclik və Nizami parklarında yaradılan inklüziv zonalara xüsusi diqqət çəkib və bildirib ki, bu cür zonaların digər parklarımızda da yaradılması labüddür.
Məruzəçi qeyd edib ki, iri şəhərlərdə rekreasiya zonaların dayanıqlılığının təmin olunması üçün “Ağıllı şəhər” konsepsiyasından istifadə vacibdir. Tətqiqatın nəticələrinə görə “Ağıllı şəhər” konsepsiyasından istifadə dayanıqlılıqla yanaşı, komfortun yüksəlməsini təmin edə və yüklənmənin qarşısını ala bilər. Fidan Mustafayeva, Amsterdamın təcrübəsinə əsaslanaraq xüsusi olaraq qeyd edib ki, əgər kiçik və orta parklar yaşayış mərkəzlərinin yanında yerləşsə, Bakının mərkəz hissəsinin yüklənməsi xeyli azala bilər.
Qeyd edək ki, seminarda AzMİU-nun memarlıq, layihələndirmə və şəhərsalma üzrə tədqiqatçı müəllimləri, alimləri iştirak edib.
Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən tədqiqat işi ətrafında yaranan suallar cavablandırılıb.