Müəllim və tələbələr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını birgə qeyd etdi
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ədəbi-bədii bayram tədbiri keçirilib.
Bayram tədbirində universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə AzMİU-nun Tədris işləri üzrə prorektoru professor Akif Qasımov açaraq universitetin rektoru professor Gülçöhrə Məmmədovanın bayram təbriklərini çatdırıb və həmrəylik gününün əhəmiyyətinə diqqət çəkib. Prorektor Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və digər ayrı-ayrı ölkələrdə geniş qeyd olunduğunu bildirib.
Müasir, müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan Akif Qasımov Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə tələbələri təbrik edib.
AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev yerləşdiyimiz regiondakı geosiyasi vəziyyət, xüsusi ilə mənfur qonşularımızın bizə qarşı anti-təbliğat kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin çox önəmli olduğunu qeyd edib. Prorektor tələbələri yaşadıqları yerdən asılı olmayaraq daima Vətənə sadiq, layiqli vətəndaş kimi yetişməyə, ölkəsinə və xalqına xidmət etməyə səsləyib.
Daha sonra tələbələrin ifasında maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.