AzMİU əcnəbi tələbələrin mobillik göstəriciləri üzrə fərqləndiyinə görə təltif olunub
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda təmsil olunub.
Forumda AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili fakültəsinin dekanı Polad Sadıkov, dekan müavini Kəmalə Sərdarova, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və universitetin əcnəbi tələbələri Jia Peixnan, Zhao Xiao, Gamze Yalçın, Fatima Dadaşova iştirak ediblər.
Forumda təhsilin beynəlmiləlləşməsi və ali təhsilə əlçatanlılığın artırılması istiqamətində ölkədə görülən işlər, Azərbaycanda təhsil alan əcnəbilərin statistikası, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması və mübadilə proqramlarında iştirakı ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyevanın forumda çıxışları da dinlənilib.
Forumda AzMİU əcnəbi tələbələrin mobilliyi göstəriciləri üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
Sonra forum işini panel müzakirələri ilə davam etdirib.
Daha sonra forumun bədii hissəsinə keçid edilib. Bədii hissədə azərbaycanda təhsil alan əcnəbi tələbələrin təqdimatında bir-birindən rəngarəng şeirlər, nəğmələr ifa olunub. Belə ki, AzMİU-nun çinli tələbələri Jia Peixnan, Zhao Xiao öz dillərində “Xoşbəxtlik”, ukraynalı tələbə Fatima Dadaşova rus dilində “Шуша Возвращается Домой” (Şuşa evinə qayıdır), türk tələbə Gamze Yalçın “Anadır arzulara hər zaman Qarabağ” nəmələrini böyük həvəslə səsləndiriblər. Tələbələrimizin çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023/2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdimatı, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafının müzakirəsi, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.