AzMİU-da “Gələcək üçün bacarıqlar” layihəsi barədə infosessiya keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Gələcək üçün bacarıqlar” layihəsinin "Tusi (2C)" inkubasiya proqramı barədə maarifləndirici infosessiya keçirilib.
İnnovativ Biznes İnkubator Mərkəzinin nəzdində fəaliyyətə başlayan “İnnoverse Club”un təşkilatçılığı ilə gerçəkləşən infosessiyada innovasiya sahəsinə maraq göstərən tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları tərəfindən həyata keçirilən layihəyə maraq böyük olub.
“Gələcək üçün bacarıqlar” layihəsinin əməkdaşları tələbələr qarşısında "Tusi (2C)" inkubasiya proqramı barədə geniş təqdimatla çıxış ediblər. Təqdimatın sonunda startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan, özünə güvənən, gələcəyini bu sahədə görən gənclərə proqrama qatılmağı məsləhət görüblər.
Sonda qonaqlar tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq, təhsildə innovasiya fəaliyyətini dəstəkləmək, innovativ ideyalı tələbələrə dəstək göstərməkdir. Beləliklə onları ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirməkdir.