Tələbələrə şad xəbər- AzMİU-da innovasiya və tədqiqat sahəsində yenilikləri dəstəkləyən “İnnoverse Club” yaradılıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnnovativ Biznes İnkubatoru Mərkəzinin (İBİ) nəzdində “İnnoverse Club” adlı tələbə təşkilatı təsis olunub.
Klubun yaradılmasında məqsəd tələbələrə innovasiya və tədqiqat sahəsində geniş nəzəri və təcrübi bacarıqlar aşılamaq, onları bir araya gətirərək tədqiqatın və yeniliklərin inkişafına dəstək göstərməkdir.
Təşkilat tələbələrə layihələrin hazırlanmasına dəstək, müsabiqələrdə iştirak etmək və peşəkar şəbəkələşmə imkanları təqdim edəcək.
Onları müstəqil düşünməyə, yaradıcılığa, innovasiya sahəsinə həvəsləndirərək kreativ fikirlər və təcrübələr paylaşmağa, həmçinin tələbələrlə mentorlar və sahənin ekspertləri arasında təcrübə mübadiləsinə şərait yaradacaqdır.
Tədqiqat və innovasiya sahəsində fəaliyyət göstərən tələbələr üçün bir platforma olacaq klub eyni zamanda üzvlərinə liderlik bacarığı aşılayacaq, kollektivlə iş imkanı qazandıracaqdır.
Klubun tələbələrə təqdim etdiyi əlavə fürsətlərdən biri də sektoral müsabiqələrdə iştirak imkanıdır. Bu müsabiqələr tələbələrin tədqiqatlarını praktik tətbiq etmək, innovasiya sahəsində bacarıqlarını artırmaq üçün əla fürsət olacaq.