2023-cü ilin sonuncu Elmi Şurası keçirilib – Elmi istiqamətin inkişafı və impakt faktorlu jurnallarda dərc olunma səviyyəsinin daha da yüksəldilməsi əsas prioritet elan edilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi şurasının növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, rektor professor Gülçöhrə Məmmədova iclasın gündəliyi barədə məlumat verib.
Gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl professor Gülçöhrə Məmmədova AzMİU-nun Memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadəni 75 illik yubileyi münasibətilə təbrik edib, onun keçdiyi ömür yoluna nəzər salıb, memarlıq təhsili və elminin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
Elbay Qasımzadənin kafedraya rəhbərlik etdiyi müddətdə əzmlə, məsuliyyətlə çalışdığını, öz enerjisini ölkəmizin memarlığının və kafedranın inkişafına həsr etdiyini söyləyib. Rektor çıxışının yekununda görkəmli memara cansağlığı və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Təbrik nitqindən sonra gündəlikdə duran əsas məsələlərə keçilib. Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova “Elmi innovativ fəaliyyətin vəziyyəti barədə” məruzəsində universitetdə son illər elmi innovasiya sahəsində görülən mühüm işləri diqqətə çatdırıb. Gənc alim və tədqiqatçıların, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində gördükləri işlərdən nümunələr gətirib.
Prorektor AzMİU tərəfindən gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirildiyini və yaradıcılıq imkanlarının dəstəkləndiyini qeyd edib.
Bundan əlavə, professor Nigar Aslanova elmi tədqiqatların nəticələri, alimlərin yerli və xarici elmi nəşrlərdə, xüsusilə impakt faktorlu jurnallarda çap olunma səviyyəsi ilə bağlı geniş analiz təqdim edib.
Professor Gülçöhrə Məmmədova AzMİU-nun rəqabətqabiliyyətliliyinin daha da gücləndirilməsi, nüfuzlu beynəlxalq reytinq cədvəllərindəki mövqeyinin yüksəldilməsi üçün elmi istiqamətdə kompleks tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Rektor qeyd edib ki, elmi istiqamətin inkişafı və alimlərin impakt faktorlu jurnallarda dərc olunma səviyyəsinin daha da yüksəldilməsi əsas prioritetlərdəndir.
Sonra Nəqliyyat fakültəsinin dekanı dosent Elçin Yusifzadə fakültədə 5 illik fəaliyyəti barədə hesabatla çıxış edib. Rəhbərlik etdiyi dövrdə fakültədə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən, əldə olunan uğurlardan danışıb.
Daha sonra gündəlikdə duran digər əsas məsələyə keçilib. Tədris işləri üzrə prorektor professor Akif Qasımov “Dizayn fakültəsinin yaradılması barədə” hesabatla çıxış edib.
İclasda dinlənilən hesabatlarla bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı müvafiq tapşırıqlar və tövsiyələr verilib.
Hesabatlardan sonra gündəlikdə duran cari məsələlərə keçilib.