“Gənc Rəssamlar” dərnəyinin sərgisində 70-dən çox rəsm əsəri nümayiş olunub
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Gənc Rəssamlar” dərnəyinin üzvləri arasında yaradıcılıq müsabiqə-sərgisi keçirilib.
Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Gənc Rəssamlar” dərnəyinin və AzMİU-nun Tarixi muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə 70-dən çox rəsm əsəri nümayiş olunub.
Sərginin məqsədi tələbələrin yaradıcılıq bacarıqlarını üzə çıxartmaq, rəsm müsabiqələrində iştiraka həvəsləndirmək və dərnəyin istedadlı üzvlərini ictimaiyyətə tanıtmaqdır.
Prorektor Orxan Naqdiyev sərginin açılış mərasimində çıxış edərək “Gənc Rəssamlar” dərnəyinin bacarıqlı üzvlərinin işini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə isə çıxışında sərgi haqqında məlumat verib və qeyd edib ki, “Gənc Rəssamlar” dərnəyi tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi, rəsm bacarıqlarının inkişafı üçün yaradılıb.
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsildi, sənətsevərlər tələbələrin akvarel, rəngli boya, karandaş, qrafika ilə çəkilmiş portret, natürmort, peyzaj, abstrakt janrında olan rəsm işləri ilə tanış oldular.
Sonra münsiflər heyətinin nümayəndələri gənc rəssamların müsabiqə-sərgiyə təqdim etdikləri ən yaxşı 3 işi seçib və 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülən işlər elan olunub.