Ölkəmizdəki müasir idman qurğularının memarlıq və inşaat problemlərinə həsr olunan elmi-praktiki konfrans keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlığın əsasları kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının müasir idman qurğularının memarlıq və inşaat problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda idman qurğularında memarlıq və inşaat işləri, onların hazırki vəziyyəti, problemləri, bu işlərin keyfiyyətinə nəzarət məsələləri geniş müzakirə olunub.
Tədbiri giriş nitqi ilə açan Elm və innovasiyalar üzrə prorektor professor Nigar Aslanova konfransın mövzusunun ölkəmiz üçün önəminə toxunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxışında ölkədə idman qurğularının tikintisi, mövcud problemlər, dövlətin bu sahəyə olan diqqət və qayğısından danışıb.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva çıxışında konfrans iştirakçılarının tədqiqatını, problemlərə həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib.
Daha sonra Memarlığın əsasları kafedrasının müdiri professor Nizami Nağıyevin “XXI əsrdə Azərbaycan Respublikasında idman qurğularının inşa edilməsinin inkişaf yolları”, Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayevanın “Rekreasiya zonalarının funksional təşkilində idman qurğularının əhəmiyyəti” haqqında məruzələri dinlənilib.
Məruzələrdə idman qurğularının inkişaf yolları, memarlıq və inşaat həlləri, müasir dövrdə şəhərsalma strukturunun əsas amilləri olan rekreasiya zonaları və idman qurğularının inkişaf tandeminin əhəmiyyəti vurğulanıb.