AzMİU İRİA tərəfindən təşkil olunan Startap Ekosistemi tədbirində təmsil olunub
Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Startap Ekosistemi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva təmsil edib.
Agentliyin sədri İnarə Vəliyeva qurumun innovasiya və startap ekosistemi üzrə cari ildə görülən işlərin hesabatını təqdim edib. Agentliyin fəaliyyəti dövründə bir sıra böyük layihələrə başlanıldığını qeyd edən İnarə Vəliyeva bildirib ki, hazırda ölkəmizdə 100 startap var. Bu startaplar real məhsul istehsal edirlər. Azərbaycanda 4 startap akselerasiya mərkəzi, 1 vençur fondu, 9 biznes “Mələk fondu” və 8 universitetdə startap mərkəzinin fəaliyyət göstərdiyini deyən İRİA sədri onların uğurlarını diqqətə çatdırıb.
Tədbirin gedişində Azərbaycanda keçirilən startap proqramı olan “Startup Wise Guys Global Pre-revenue Program” barədə məlumat verilib. Bildirilib ki, çoxsaylı startaplar sözügedən bu proqramdan yetərincə yararlanıb. Proqrama yerli startaplarla yanaşı bir neçə xarici startap da qatılıb. Proqramın bağlanış günü olan “Demo Day” tədbirində dövlət qurumlarının nümayəndələri, investorlar, startaplar və digər yerli ekosistem oyunçuları iştirak ediblər.