AzMİU ilə Qazaxıstanın Qızıl Orda Korkut Ata Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Qazaxıstanın Qızıl Orda Korkut Ata Dövlət Universiteti Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzinin nümayəndələri ilə birgə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Qazaxıstanlı nümayəndələr AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və universitetin müxtəlif strukturlarının rəhbərləri ilə görüşüblər.
Görüşdə sözügedən universitetin və mərkəzin əməkdaşları Gülbazar Mediyeva, Serikbay Umirzakov, Qalimjan Kurmanbayev, Januzak Baymanov, Şolpan Umbetova iştirak ediblər.
Qonaqları salamlayan rektor Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, rəhbərlik etdiyi universitetin Qazaxıstanın ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etdiyini deyib. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Təmsil etdikləri universitet barədə məlumat verən qonaqlar universitetlər arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində faydalı təkliflər səsləndirib. Eyni zamanda gələcək perspektivlər, birgə layihələrin hazırlanması haqqında fikir mübadiləsi aparıblar. Korkut Ata Dövlət Universitetinin Su təsərrüfatı və yer quruluşu şöbəsinin müdiri Şolpan Umbetovanın hazırda AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində elmi təcrübə keçdiyini, kafedranın müəllimləri ilə birgə fikir mübadiləsi apardığını, tədqiqat işlərinə cəlb olunduğunu diqqətə çatdırıblar. Şolpan Umbetovaya yaradılan elmi-tədqiqat mühitinə görə Gülçöhrə Məmmədovaya təşəkkürlərini bildiriblər.
Görüşdə təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda tərəflər arasında təcrübə mübadiləsi, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatların aparılması, elmi konfransların keçirilməsi və s. nəzərdə tutulub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb. Təsərrüfatda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması və bu məsələ ilə bağlı günümüzün aktual problemləri də müzakirə olunub.