Müxtəlif ölkələri təmsil edən tələbələr iki gün ərzində diplomatik bacarıqlarını yoxlayıblar


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) II BMT modeli simulyasiya konfransı keçirilib. 

Konfrans Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, BMT-nin Azərbaycandakı nümayəndələrinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən “AzMUN” proqramı çərçivəsində təşkil olunub.

İki gün davam edən simulyasiya konfransında Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən istedadlı tələbələr iştirak ediblər. Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikadan müxtəlif dövlətləri təmsil edən gənclər BMT-nin Baş Assambleyası və UNESCO-nun Ümumdünya İrs Komitəsində iştirak edib, mühazirələr və debatlar apararaq, verilən problemlər üzrə həll yollarını araşdırıb, müxtəlif qətnamələr qəbul ediblər.

Konfransın açılış mərasimində AzMİU-nun  Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, AzMUN proqramının ölkə üzrə rəhbəri Aysu Məmmədova, AzMİU Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə,  universitetin dekan müavinləri və tələbələr iştirak ediblər.

Konfransda çıxış edənlər qeyd ediblər ki, qloballaşan dünyada peşəsindən asılı olmayaraq hər kəsin ictimai, siyasi və diplomatik aktivlik göstərməsinə, gənc yaşlarından etibarən beynəlxalq aləmi tanımasına, müxtəlif diplomatik hücumlara qarşı hazırlıqlı olmasına böyük ehtiyac var.     
                                                                         
Sonda “AzMUN” proqramının rəhbəri Aysu Məmmədova konfransda iştirak edən qonaqlara və gənclərə minnətdarlığını bildirib, hər bir iştirakçıya uğurlar arzulayıb.
 

20-12-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]