“İdeyanı Reallaşdır 2023” – AzMİU-da Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsinin infosessiyası keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində “İdeyanı Reallaşdır 2023” Qrant layihəsinin infosessiyası keçirilib.

Gənclər Fondunun əməkdaşı İbrahim Mehdiyev infosessiyada cıxış edərək ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən danışıb, layihə haqqında məlumat verib.

Müsabiqə gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclər üçün nəzərdə tutulub. 

Gənclər Fondu Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir. 

Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi www.youthfoundation.az  vasitəsilə müsabiqəyə təqdim edilə bilər.

Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 ay müəyyən olunması tövsiyə olunur. Layihənin icrasının ən tez başlanma tarixi 1 mart 2024-cü il, layihənin icrasının yekunlaşma tarixi isə ən geci 1 iyun 2024-cü il olaraq nəzərdə tutulur.

Müvafiq meyarlara cavab verən hər bir gənc qrant müsabiqəsi çərçivəsində 1 layihə təqdim etmək hüququna malikdir.

Qeyd edək ki, müraciət edən gənc tərəfindən layihə təklifi müvafiq qaydada əsaslandırılmalıdır. Layihənin hədəf və məqsədi, məqsədlərə nail olunması üçün görülməli işlər, gözlənilən nəticələr və digər istənilən məlumatlar aydın və konkret təsvir olunmalıdır.
 

19-12-2023