Logistika istiqaməti üzrə daha iki şirkətlə intensiv əməkdaşlıq ediləcək
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “CHEM TREND” MMC və “MBM” MMC logistik şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Mərasimdə “CHEM TREND” MMC-nin direktoru Emil Quliyev, “MBM“ MMC-nin direktoru Bahəddin Mirzə, AzMİU-nun prorektoru professor Akif Qasımov, Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Nəqliyyat və logistika kafedrasının müdiri Qasım Abdullayev və kafedranın əməkdaşları iştirak ediblər.
Prorektor Akif Qasımov çıxış edərək elm və təhsilin istehsalatla əlaqələndirilməsi, universitet-özəl müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsinin AzMİU-nun qarşıya qoyduğu əsas hədəflərdən olduğunu deyib. O, imzalanan müqavilənin logistika və nəqliyyat texnalogiyaları ixtisasında təhsil alan tələbələr üçün əhəmiyyətinə diqqət çəkib.
“CHEM TREND” MMC-nin direktoru Emil Quliyev və “MBM“ MMC-nin direktoru Bahəddin Mirzə çıxışlarında bu əməkdaşlığın ölkədə logistika sahəsinin inkişafına müsbət təsir göstərəcəyini deyib, tərəflərə uğur gətirməsini arzulayıblar.
Məlumat üçün qeyd edək ki, əməkdaşlıq müqaviləsinin məqsədi adıçəkilən logistika şirkətləri ilə Nəqliyyat və logistika kafedrası arasında əməkdaşlığı genişləndirmək, sonuncu kursda təhsil alan tələbələrin həmin müəssisələrdə təcrübə keçmələrinə şərait yaratmaq, gələcək məzunların işlə təmin edilməsinə dəstək göstərməkdir.
Əməkdaşlıq, həmçinin istehsalatdan olan mütəxəssislərlə tələbələrin daimi ünsiyyətinə, onlara ixtisasları üzrə praktik biliklər qazandırmasına və müasir tələblərə cavab verən mütəxəssis kimi yetişdirilmələrinə imkan verəcək.