Nəqliyyat fakültəsinin tələbələri “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsinin tələbələri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə iştirak ediblər.
Bakı İdman Sarayında keçirilən sərgidə Azərbaycanın 100-ə yaxın yerli şirkəti tərəfindən istehsal edilən məhsullar və istehsal texnologiyaları təqdim olunub.
Sərgidə iştirak edən tələbələr stendləri gəzərək təqdim olunan məhsullar və istehsal texnologiyaları ilə maraqlanıblar. Müəssisə nümayəndələri təqdim etdikləri məhsullar barədə onları məlumatlandırıb, suallarını cavablandırıblar.
Qeyd edək ki, yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsi, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq məqsədilə təşkil olunan sərgi həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün təcrübə mübadiləsinə şərait yaradır.