Beynəlmiləlləşməyə doğru daha bir addım – AzMİU və İAAR arasında əməkdaşlığın detalları müzakirə olunub


Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) baş direktoru Alina Jumaqulova və agentliyin məsləhətçisi Olqa Yanovskaya Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

AzMİU rəhbərliyinin iştirakı ilə keçirilən dəyirmi masada əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

AzMİU-nun Tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitet, fakültələr, ixtisaslar və ali təhsil müəssisəsinin viziyonu haqqında geniş məlumat verib. Universitet üçün keyfiyyət amilinin önəmliliyi və bu istiqamətdəki işlərin əhəmiyyətinə diqqət çəkib prorektor qeyd edib ki, beynəlmiləlləşmək, qabaqcıl reytinqlərdə təmsil olunmaq və tədrisin beynəlxalq standartlara daha da uyğunlaşdırılması AzMİU-nun əsas hədəflərindəndir.

Alina Jumaqulova da öz növbəsində çıxış edərək rəhbərlik etdiyi agentlik, təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün IAAR-ın meyarları haqqında geniş məlumat verib. Bildirib ki, IAAR Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) akreditasiyasından keçmiş təşkilatdır və agentlikdə meyarlar beynəlxalq standartların tələbinə uyğun olaraq müəyyən edilib. 
Qeyd edək ki, AZMİU-nun Strateji inkişaf planında ali təhsilin beynəlmiləlləşməsinə nail olmaq üçün təhsil proqramlarının beynəlxalq akkreditasiyasının keçirilməsi məsələsi nəzərdə tutulub.
 

14-12-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]