AzMİU-da elmi seminar – Daşqınların qiymətləndirilməsi və proqnozlaşdırılmasında yeni üsullar təklif olunub
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Geomatika kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları və Elmi tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli iştirak edib.
Geomatika kafedrasının baş müəllimi Ramal Dənziyev “Peyk geodezi və məsafədən zondlama üsulları əsasında daşqınların qiymətləndirilməsi və proqnozlaşdırılması” adlı mövzu ilə çıxış edib. Məruzəçi adı çəkilən təqdiqat mövzusunda yeni üsul və metodikaların öyrənilməsinə geniş diqqət ayırıb, problemdən çıxış yollarını təklif edib. Ramal Dənziyev bildirib ki, Azərbaycan ərazisinin yarıya qədəri arid iqlim şəraitinə malik olsa da ərazisindəki bir çox çaylarda daşqınların baş vermə təhlükəsi var. Mütəxəssis ölkəmizdə daşqınlarla bağlı su həcminin proqnozlaşdırılması üsullarının kifayət qədər araşdırıldığını, lakin ərazilərin potensial subasma şəraitinin yetərincə öyrənilmədiyini söyləyib. Bunun üçün yeganə çıxış yolunu daşqın prosesinin modelləşdirilməsində görən mütəxəssis proqnozlaşdırmanın paylanmış modelini yaratmağın zəruriliyini vurğulayıb. Bu cür modeli isə coğrafi informasiya sistemləri, yeni nəsildən olan radarlar, hündürlüyün yüksək ayırdetməyə malik olan rəqəmli, paylanmış hidroloji modellər əsasında yaratmağın mümkünlüyündən danışıb.
Sonda yuxarıda qeyd olunan məsələlərin və problemlərin həlli istiqamətində müzakirə aparılıb və məruzəçi tərəfindən auditoriyanın sualları cavablandırılıb.