AzMİU müəlliminin layihəsi qalib oldu – peşəkar əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar üçün əla fürsət
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi Ramin Əkbərov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş subyektlərin layihələrinin maliyyələşdirilməsi 4-cü qrant müsabiqəsinin qalibi olub.
Ramin Əkbərov mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi qrant müsabiqəsinə “Bucard” adlı startap ideyası ilə qatılıb. Startap təxminən 1,5 il ərzində hazırlanıb və peşəkar əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar üçün nəzərdə tutulub. AzMİU-nun müəlliminin yaratdığı startap biznes şəbəkəsi və peşəkar münasibətlərin idarə edilməsi sahəsində transformasiyaedici və innovativ qüvvə kimi ərsəyə gətirilib.
Platforma istifadəçiləri rəqəmsal biznes kartları tərtib etmək, profilləri əlavə məlumatlarla artırmaq, məhsul və xidmətləri nümayiş etdirməyə imkan yaradır. Bu platforma biznes mühitində şirkətlər arasında qarşılıqlı əlaqələri sadələşdirir. Gənc sahibkar KOBİA tərəfindən “Startap” şəhadətnaməsini də alıb. Hazırda 100-dən çox aktiv istifadəçi bazasına malik olan platforma ilə bağlı aparılan işlər bitmək mərhələsindədir, yaxın zamanlarda tam funksionallığı ilə istifadəyə veriləcək.
Qeyd edək ki, müsabiqəyə 382 layihə təqdim olunub. Ekspert Komissiyası tərəfindən layihələrin ekspertizası və qiymətləndirilməsi aparılıb. Layihələrin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. Yekunda tələblərə uyğun gələn 19 layihənin maliyyələşdirilməsi qərara alınıb. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.