Elmi Şurada payız imtahan sessiyasına hazırlıq prosesi müzakirə olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova Şura üzvlərini salamlayaraq iclasın gündəliyində duran məsələlərlə onları tanış edib.

Gündəliyə uyğun olaraq iclasda “2023/2024-cü tədris ilinin payız imtahan sessiyasına hazırlıq barədə” hesabatlar dinlənilib. 

Tədris işləri üzrə prorektor professor Akif Qasımov məsələ ilə bağlı geniş hesabatla məruzə edib. Prorektor 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili, hazırlığın vəziyyəti məsələlərinə aydınlıq gətirib, imtahanların obyektiv və şəffaf keçirilməsi üçün görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, artıq müvafiq kafedralarla razılaşdırılmış qaydada imtahanların siyahısı təsdiqlənib və imtahanların hansı formada keçirilməsi müəyyənləşdirilib. 

Prorektor hesabatında imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə rəhbərləri qarşısında konkret vəzifələrin qoyulduğunu da bildirib. 

AzMİU-nun İmtahan mərkəzinin müdiri dosent Mehti Soltanov çıxış edərək payız semestrinin imtahan sessiyasının təşkili istiqamətində mərkəzin gördüyü işlərdən danışıb.   

Sonra məruzəçi və çıxışçıların iştirakı ilə geniş müzakirələr təşkil olunub. Müzakirələr zamanı səsləndirilən təklif və iradlarla bağlı rektor müvafiq tapşırıq və tövsiyələrini verib.
 
İclasda digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında Şura üzvləri çıxış ediblər, təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.
 

29-11-2023