TƏLƏBƏMİZİN TƏXƏYYÜLÜ – Ali Baş Komandan İlham Əliyev Şuşa qalası fonunda, Qarabağ atı üzərində və milli geyimdə


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtıdır” adlı tələbələrin rəsm, plakat, əl işlərindən ibarət müsabiqə-sərgisi açılıb.

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) və AzMİU-nun Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə-sərgidə Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağımızın tacı sayılan Şuşa şəhərinin  təbiəti, zəngin mədəniyyəti, abidələri, incəsənət nümunələri, xarıbülbül təsvirləri yer alıb. Həmçinin təqdim olunan işlər arasında Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının tərənnümü, Zəfərə verdiyi töhfə, Azərbaycan Ordusunun şücaəti də öz əksini tapıb. 

Sərginin ən diqqətçəkən rəsm əsəri isə Şuşa qalası fonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ atı üzərində milli geyimdə əks olan təsviri olub. 

Sərgidə  Memarlıq fakültəsi və İnşaat Kollecindən olan tələbələrin ümumilikdə 89 rəsm, plakat və əl işi nümayiş edilib. 

Münsiflər heyəti tərəfindən müsabiqə-sərgiyə təqdim olunan işlərə baxış keçirilib, qaliblər seçilib. Münsiflər tərəfindən seçilmiş ən yaxşı işlərin müəllifləri xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb, digər tələbələrə təşəkkürnamələr təqdim olunub.

Mükafatlandırma mərasimində  AzMİU-nun Tədris işləri üzrə prorektoru professor Akif Qasımov, rektorun müşaviri professor İlham Mərdanov, İnşaat Kollecinin direktor müavini Muxtar Həsənov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili və Memarlıq fakültəsinin tələbəsi Aytac Vəzirova çıxış edərək sərgi, eləcə də Zəfər sinvolumuza çevrilən Şuşa haqqında təəssüratlarını bölüşüblər. 

Qeyd edək ki, sərgi dekabrın 15-dək davam edəcək.
 

28-11-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]