Rektor: “Tələbələrin başlıca vəzifəsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni təhsildə davam etdirməkdir”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin (ST və MKS) I kurs tələbələri ilə görüşüb.
Görüşdə prorektorlar, fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər.
Fakültənin dekan əvəzi Elgiz Həsənov çıxış edərək I kurs tələbələri ilə keçirilən görüş üçün rektora təşəkkürünü bildirib və görüşün əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, universitet rəhbərliyi ilə birinci kursların birbaşa ünsiyyəti tədrisin inkişafına təkan verməklə yanaşı, tələbələr üçün böyük motivasiyadır.
Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim nailiyyətlər əldə etməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir: “Universitetimiz üzrə 60%-ə yaxın tələbə dövlət sifarişi ilə oxuyur. Bu gün universitetlərimiz, məktəblərimiz 15-20 il bundan əvvəl olan universitetlər, məktəblər deyil. Çox böyük dəyişikliklər, böyük islahatlar həyata keçirilib. Universitetlərimizin maddi-texniki bazası, beynəlxalq əlaqələri möhkəmlənib. Qabaqcıl təcrübəni mənimsəyərək biz təhsilimizin məzmununu təkmilləşdirmişik, təhsilin səviyyəsini artırmışıq. Eləcə də yəqin ki, sizin təhsil aldığınız orta məktəblərində bir çoxu barəsində həmin sözləri demək olar. Bunlar hamısı dövlətin təhsilə göstərdiyi qayğının nəticəsidir”.
İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli tikinti-quruculuq işlərinə diqqət çəkən rektor tələbələri təhsildə böyük nailiyyətlər qazanmağa, ixtisaslı mühəndislər olaraq azad edilmiş ərazilərimizin abadlaşdırılmasında fəal iştiraka səsləyib. Professor Gülçöhrə Məmmədova çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub.
Rektor sonda tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə təşkilatları ilə sıx əlaqələr qurmağı tövsiyə edib.
Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı detallı məlumat verib.
Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.