“İnşaatın müasir problemləri” – Azərbaycan və Türkiyə alimləri birgə həll yolları axtarırlar

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə “İnşaatın müasir problemləri” mövzusuna həsr olunmuş beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransda AzMİU-nun rəhbərliyi,  professor-müəllim heyəti, İTÜ-nün İnşaat mühəndisliyi kafedrasının müdiri professor Mustafa Gençoğlu, müəllimləri, “PROYAPI” mühəndislik və müşavirlik şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Akif Aygen, Türkiyə və Azərbaycanın tanınmış tikinti şirkətlərinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdən (Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukraynadan) olan görkəmli  alimlər iştirak ediblər. 

Konfransdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin AzMİU-nun qarşısındakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

AzMİU-nun İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev giriş nitqi ilə çıxış edərək konfans iştirakçılarını  salamlayıb. İşğaldan azad edilmiş ərazilərimiz fonunda ölkəmizdə gedən geniş quruculuq və yenidənqurma işlərinə diqqət çəkib. Azərbaycanın tikinti sektorunda normativ, texniki sənədlərdə, layihələndirmə işində olan aktual problemlərdən bəhs edib. Hər iki universitetin birgə təşkilatçılığı ilə keçirilən konfransın əhəmiyyətindən danışıb. 

“600 mindən çox insanın mənzil şəraitinə ehtiyacı var” – Tikinti sektoru daha da genişlənəcək 


“Statistika Komitəsinin məlumatına görə hazırda qaçqın və məcburi köçkünlər nəzərə alınmadan 600 mindən çox insanın mənzil şəraitinə ehtiyacı var. Nəzərə alsaq ki, Azərbaycanda 1 ilə 14-15 min mənzil tikilir, deməli hələ biz uzun müddət tikinti işləri aparmalıyıq. Qarabağda gedən tikinti işlərini də bu rəqəmlərə əlavə edəndə tikinti sektorunda görməli işlərin miqyası genişlənir” - deyə, Sahib Fərzəliyev çıxışına əlavə edib. 

AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova çıxışında İTÜ və AzMİU arasında elm, təhsil, beynəlxalq əlaqələr sahəsində uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkib: “Bu əməkdaşlığın nəticəsidir ki, biz inşaatın problemlərindən bəhs edən birgə beynəlxalq konfrans təşkil  edirik”. 

İTÜ ilə növbəti müştərək konfransın iyun ayında keçiriləcəyinin müjdəsini verən prorektor  müzakirə olunacaq mövzunun elmə və istehsalata faydasından danışıb. 

AzMİU və İTÜ arasındakı əməkdaşlıq 25 il müddətinə uzadıldı 


İTÜ-nün İnşaat mühəndisliyi kafedrasının müdiri professor Mustafa Gençoğlu çıxışına AzMİU və İTÜ arasında 5 il əvvəl bağlanan ikili diplom proqramının vaxtının uzadılması müjdəsini verməklə başlayıb: “Dünən həmkarlarımızla görüşdə qərara gəldik ki, bu əməkdaşlığı 25 il daha uzadaq. Təhsil, elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı davam etdirək, beynəlxalq xarakterli konfranslar təşkil edək”. 

AzMİU rəhbərliyinə  təşəkkürünü bildirən Mustafa Gençoğlu bu gün keçirilən  konfransın davamının Türkiyədə də təşkil ediləcəyini bildirib.  

Türkiyənin “PROYAPI” mühəndislik və müşavirlik şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Akif Aygen mövzunun tikinti şirkəti üçün əhəmiyyətini diqqətə çatdırıb. O, hazırda Qarabağ və Şərqi Zəngəzurda inşaat sahəsində qarşılaşdıqları problemlərdən danışıb və inşaata həsr olunan elmi platformanın bu tip problemlərin həllində əhəmiyyətini qeyd edib.  

Konfransın plenar iclasınında Özbəkistan, Türkiyə və Azərbaycan elm adamlarının “Unikal bina və tikililərin uzun müddətli fəza strukturlarının seysmik müqavimət nəzəriyyəsinin işlənib hazırlanmasında qeyri-xəttiliyin nəzərə alınması problemləri”, “Seysmik həyəcanlar altında hiperbolik soyutma qülləsinin qeyri-xətti zaman tarixinin təhlili” və “Azərbaycanın seysmik rayonlarda tikinti normalarının təkmilləşdirilməsinin bəzi nüansları” mövzusunda məruzələri dinlənilib.

Qeyd edək ki, konfransa 26 müəssisə və təşkilatdan 109 məqalə daxil olub.
 

24-11-2023