Tələbələrimiz “Türk Dövlətləri Gənclərinin Beynəlxalq Forumu”nda
Gənclər Fondunun dəstəyi, Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Türk Dövlətləri Gənclərinin Beynəlxalq Forumu” keçirilib.
Forum öncəsi Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub, ardınca Şəhidlər Xiyabanında türk şəhidlərin xatirəsi yad edilib.
Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin tələbə gəncləri arasında mədəni, siyasi və sosial əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin edilməsi, eyni zamanda türk dövlətləri gəncləri arasında əlaqələrin inkişafında gənclər təşkilatlarının rolunun artırılması məqsədilə təşkil olunan forumun açılış mərasimində Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək türk dövlətləri gəncləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, şəbəkələşmə fəaliyyətlərinin artırılması, birlik və bərabərliyin ortaq güc naminə vacibliyini xüsusi vurğulayıb.
Tədbirin rəsmi hissəsindən sonra "Ümummilli Lider Heydər Əliyevin Türk Birliyinin möhkəmləndirilməsində rolu" mövzusunda panel müzakirə keçirilib. Müzakirə sual-cavab sessiyası ilə davam edib. Sessiyada Gənclər Təşkilatlarının sədrləri, tələbə gənclərin suallarını cavablandırıb, tələbələrin ortaq maraqları barədə müzakirələr ediblər.
Tədbir türk dövlətləri gənclərinin çıxışları ilə davam edib.
AzMİU-nun Türk Öğrenci Yönetim Komisyonu başkanı Hayriyye Akkuş və AzMİU TGT-nin baş katibi Emin İbadovun Türk dövlətlərinin gəncləri ilə bağlı çıxışları olub.
Tədbirin bədii hissəsində gənc istedadlar "Sarı Gəlin", "Qarabağ Şikəstəsi" və digər musiqi nömrələri ilə çıxışlar ediblər. AzMİU-nun tələbələri Oktay Akkuş və Zülküf Can Çalışkan tərəfindən şeir və musiqi ifaları səsləndirilib.