Rektor gələcəyin inşaat mühəndislərini azad edilmiş ərazilərimizin abadlaşdırılması kimi şərəfli missiyada iştiraka səslədi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin I kurs tələbələri ilə görüşüb.

Görüşdə prorektorlar, fakültə dekanı, professor-müəllim heyəti və tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər.

İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev çıxış edərək I kurs tələbələri ilə keçirilən görüş üçün rektora təşəkkürünü bildirib və belə görüşlərin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, universitet rəhbərliyi ilə birinci kursların birbaşa ünsiyyəti tədrisin inkişafına təkan verməklə yanaşı, tələbələr üçün böyük motivasiyadır.

Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim naliyyətlər əldə etməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir.

İşğaldan azad olunan ərazilərdə aparılan sürətli tikinti-quruculuq işlərinə diqqət çəkən rektor tələbələri təhsildə böyük naliyyətlər qazanmağa, ixtisaslı inşaat mühəndisləri olaraq azad edilmiş ərazilərimizin abadlaşdırılması kimi şərəfli missiyada iştiraka səsləyib. Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub.

Professor Gülçöhrə Məmmədova tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib.

Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı detallı məlumat verib.

Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.

22-11-2023