Memarlıq fakültəsinin tələbələrinin “Tete-a-tete” adlı yaradıcılıq sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sərgi Salonunda məşhur xarici və yerli fırça ustalarının portretlərinin yer aldığı “Tete-a-tete” adlı yaradıcılıq sərgisi açılıb.
Sərgidə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, fakültənin akademik heyəti və tələbələr iştirak ediblər.
Çıxış edənlər fakültənin istedadlı tələbələrini sərgilərinin açılması münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
Sərgidə karandaş və yağlı boya ilə çəkilmiş 40-dan çox əl işi nümayiş olunub. Xarici və yerli rəssamlar- Rembrandt, Pablo Pikasso, Salvador Dali, Frida Kalo, Tahir Salahovun və digərlərinin, eləcə də tələbələrin sevimli müəllimləri Yaşar Səmədovun, Oktay Murtuzayevin, Bayram Qasımxanlının təsvirləri yer alıb.
Daha sonra sərgiyə baxış keçirilib. Yaradıcılıq sərgisi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.