“AzMİU Academy”ni fərqlənmə ilə bitirən 50 tələbə təltif olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) İnşaat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində  fəaliyyət göstərən  “AzMİU Academy”nin növbəti məzunlarının təltif edilməsi mərasimi keçirilib.

Təltif etmə  mərasimində AzMİU-nun  tədris işləri üzrə prorektoru Akif Qasımov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Tural Əliyev və tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən  “AzMİU Academy”nin rəhbəri Eldar Süleymanlı kursların  fəaliyyəti barədə məlumat verib. O, tələbələr tərəfindən kurslara marağın böyük olduğunu bildirib.  Qeyd edib  ki, ikinci tədris ilində 164  tələbə kurslara müraciət  edib. Onlardan 50 nəfəri kursları yüksək nəticə ilə bitirib.

 Bildirək ki, layihə universitet  tələbələrinin mühəndis proqramlarını daha yaxşı mənimsəməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil texnologiyalarının formalaşmasına təkan verir.  Burada  “Autocad”, “3D Max”, “Adobe İllustrator”, “Adobe Photoshop”, “Corel Draw”, “Ofis” proqramları ödənişsiz tədris olunur.

Sonda universitetin rəhbər heyəti  “AzMİU Academy”ni  müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim edib.

20-11-2023