Zəfərə ithaf olunan 44 rəsm – Memarlıq fakültəsinin tələbələrinin sərgisi açıldı


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələrinin Zəfər Gününə həsr olunan rəsm sərgisinin açılış mərasimi olub. 

Sərgi iştirakçıları əvvəlcə Vətən uğrunda canını fəda edən Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər. 

Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış edərək Sərgi haqqında məlumat verib. Dekan bildirib ki, birinci kurs tələbələrinin əl işlərindən ibarət sərgidə 44 rəsm nümayiş olunur: “Bu bəlkə də bir simvoldur. Bəlkə də burada 44 günlük Vətən müharibəsi ilə simvolik əlaqə var. Çünki biz o rəsimləri saymamışdıq. Sərgi salonuna düzüləndən sonra təsadüf nəticəsində saydıq və məlum oldu ki, 44 rəsm var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onları yaşadan tələbələrimizə isə uğurlar arzulayır, yaradıcılıqlarında hər zaman vətənpərvərliyi əsas götürməyi tövsiyə edirəm”. 

Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdri professor Elbay Qasımzadə çıxışında sərginin əhəmiyyətinə diqqət çəkib. Professor Elbay Qasımzadə qeyd edib ki, bu və bu kimi sərgilər, layihələr tələbələrin vətənpərvər ruhda yetişməsi, onların gələcəkdə vətənpərvərliyi təbliğ etməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 

Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva çıxışında Zəfər Gününün tarixi əhəmiyyətinə toxunub. Kafedra müdiri bildirib ki, ölkəmiz son iki yüz ilin ən şanlı dövrünü yaşayır və Azərbaycan gəncliyi bu şanlı dövrə şahid olduğu üçün xoşbəxtdir.

Təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov isə sərgidə nümayiş olunan rəsmlərin mövzusundan, rəsmlərdə əks etdirilən Zəfər təfəkküründən danışıb və tələbələri yaradıcılıq meyillərinin inkişafı üçün Təsviri incəsənət kafedrası ilə daha sıx əməkdaşlığa çağırıb. 

Çıxışlardan sonra sərgiyə baxış keçirilib, tələbələr iştirakçılara öz işləri haqqında ətraflı məlumat veriblər.
 

07-11-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]