AzMİU-nun müəllimi Türkiyənin nüfuzlu universitetində “Müasir şəhərsalma strukturunda istirahət zonalarının əhəmiyyəti” adlı seminar keçib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayeva Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Kapadokya Universitetində (KÜN) ezamiyyətdə olub.
Səfər çərçivəsində Fidan Mustafayeva Kapadokya Universitetinin rektoru professor Hasan Ali Karasar, prorektorlar professor Vesile Şenol, professor İlhan Öztürk, fakültə dekanı professor Müge Artar, eləcə də Şəhərsalma kafedrasının müdiri və əməkdaşları ilə görüşüb, faydalı müzakirələr aparıb.
Ezamiyyət dövründə Fidan Mustafayeva Kapadokya Universitetində dərslərə qatılıb, tədris prosesində yaxından iştirak edib.
AzMİU-nun müəllimi Kapadokya Universitetinin Oktay Sinanoğlu Konfrans Salonunda “Müasir şəhərsalma strukturunda istirahət zonalarının əhəmiyyəti” mövzusunda tələbə və müəllimlər üçün seminar da keçib. Kapadokya Universiteti Şəhər və Regional Planlaşdırma Departamenti və Kapadokya Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Seminarda Fidan Mustafayeva formalaşmış müasir şəhər mühitinin memarlıq-planlaşdırma quruluşu, standartları, xarakteristikası, eləcə də şəhərsalma strukturunda istirahət zonalarının əhəmiyyəti barədə danışıb.