“Birinci Zəfər İdman Festivalı”na start verildi – Tələbələr 5 idman növü üzrə mübarizə aparacaqlar
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Gününə həsr olunan “Birinci Zəfər İdman Festivalı”nın təntənəli açılış mərasimi keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdman Festivalında iştirak edən komandalar səhnəyə çıxaraq Olimpiya himninin sədaları altında təntənəli keçid ediblər.
AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov açılış nitqi ilə çıxış edərək bildirib ki, xalqımız artıq üçüncü ildir ki, Azərbaycanın ən yeni tarixinin – Zəfər salnaməsinin təntənəsini yaşayır. Bu böyük Qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti və peşəkarlığı sayəsində qazanılıb. Prorektor çıxışında dövlətimizin idmana olan diqqət və qayğısından da bəhs edib. Tələbələrin sağlam ruhda yetişməsi, asudə vaxtının səmərəli təşkilində belə yarışların önəmini vurğulayıb və komandalara uğurlar arzulayıb.
Festivalda iştirak edən Yunan-Roma güləşi üzrə dünya çempionu, üç qat Avropa çempionu Rafiq Hüseynov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılov, El pəhləvanı Vüsal Cavadov AzMİU rəhbərliyi adından fəxri diplomlarla təltif edilib.
Sonra Vüsal Cavadov cəngi sədaları altında öz pəhləvan fəndlərini, Azərbaycan Kapoeyra Federasiyası üzvləri rəqs nömrələrini təqdim ediblər.
Festivalın keçirilməsində əsas məqsəd tariximizə qızıl hərflərlə yazılan Zəfər gününün tələbələr arasında təbliği, həmçinin tələbələrin idmana marağının daha da artırılması, asudə vaxtlarının səmərəli keçməsinə şarait yaratmaqdır.
AzMİU-nun İdman Klubunun və Tələbə Həmkarlar İttifaq Komitəsinin (THİK) təşkilatçılığı ilə 5 idman növü (basketbol, voleybol, Roma, sərəst güləş və futzal) üzrə keçirilən Festivalda universitetin bütün fakültələrindən və İnşaat Kollecindən tələbələr iştirak edəcəklər.
Festival basketbol yarışları ilə start götürüb.
Qeyd edək ki, AzMİU-da 1977-ci ildən Bədən Tərbiyəsi İdman kafedrası yaradılıb və hazırda İdman Klubu olaraq fəaliyyətini davam etdirir. Klubun fəaliyyətinin mütəşəkkil təşkil olunması üçün universitetdə zəruri avadanlıq və geniş təlim-məşq toplanış sahələri ilə təmin olunmuş İdman Kompleksi yaradılıb. Klub tərəfindən hər il Yunan-Roma güləşi, sərbəst güləş, cüdo, voleybol, stolüstü tennis, şahmat, həndbol, basketbol, dama, atletika, futbol, futzal və s. idman növləri üzrə müxtrəlif çempionatlar keçirilir. AzMİU-nun Yunan-Roma və sərbəst güləş üzrə komandası Azərbaycan universitetləri arasında yeganə komandadır ki, Respublika birinciliyində iştirak edib.