AzMİU tələbələri Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri ilə tanış olublar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri universitetin Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Tələbələrə AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Universitet şəhərciyinin direktoru dosent Aqşin Kərimov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Şaiq Quluzadə rəhbərlik edib.
Səfər Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və AzMİU arasında imzalanmış memorandumda nəzərdə tutulan fəaliyyətlər çərçivəsində həyata keçirilib.
Səfərin əsas məqsədi AzMİU-nun Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış etmək və onları gələcək iş həyatına hazırlamaq olub.
Tələbələr əvvəlcə Cəbrayıl rayonunun Horovlu kəndində olublar. Burada onlar tamamilə yenidən qurulan kəndin layihəsi ilə tanış olublar, həmçinin onlara kəhrizlərin bərpası prosesi haqqında ətraflı məlumat verilib.
Daha sonra “Böyük Qayıdış”ın ilk ünvanı olan Ağalı kəndinə gedən tələbələr burada yaradılmış şəraitlə tanış olublar. Tələbələr yeni istifadəyə verilən Zəngilan Konqres Mərkəzi Kompleksinə də baş çəkiblər və onlara mərkəzin memarlıq həlləri haqqında ətraflı məlumat verilib.