Dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyev AzMİU-nun qonağı olub
Əməkdar elm xadimi, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humbolt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova, alimin dostları – Bakı Dövlət Universitetinin professoru Etibar Pünhanov, Birləşmiş Millətlər Təşkilatının eksperti professor Azad Tağızadə, AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Professor Gülçöhrə Məmmədova Məsud Əfəndiyevi salamlayaraq onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. Görüşün AzMİU alimləri və tələbələr üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, Məsud Əfəndiyev dünya elmində ən yüksək təltiflərdən hesab edilən, “Kiçik Nobel mükafatı” adlandırılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatına layiq görülən ilk azərbaycanlıdır. Dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan postsovet məkanında yeganə riyaziyyatçı alimdir. Alimin riyaziyyat sahəsindəki zəngin təcrübəsi AzMİU-nun müəllim və tələbələri üçün böyük əhəmiyyətə malikdir.
Professor Gülçöhrə Məmmədova Azərbaycanlı obrazını yüksək səviyyədə xarici ölkələrdə təmsil etdiyinə görə professor Məsud Əfəndiyevə öz minnətdarlığını bildirib, Azərbaycanın onun kimi oğullarla hər zaman fəxr etdiyini, gələcəkdə də fəxr edəcəyini söyləyib.
Alimin həmkarları və dostları Etibar Pünhanov və Azad Tağızadə gənclik illərində Məsud Əfəndiyevin öz riyazi istedadı ilə daim seçildiyini, onun həyatının gənc nəslə əsl nümunə olduğunu söyləyiblər. Almaniyada yaşamasına baxmayaraq, Məsud Əfəndiyevin daim vətəninin, xalqının inkişafı üçün çalışdığını, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə diqqət çəkiblər.
AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova Məsud Əfəndiyevin tədqiqat nailiyyətlərindən, onun riyaziyyatçılar cəmiyyətinə xidmətlərindən danışıb. Onun elmi məqalələrinə 1500-dən çox istinad edildiyinə diqqət çəkən prorektor, alimin Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunan 7 kitabın müəllifi olduğunu söyləyib.
Professor Məsud Əfəndiyev AzMİU-nun rektoru, profesor Gülçöhrə Məmmədova başda olmaqla göstərilən diqqətə, ünvanına söylənilən xoş sözlərə görə çıxış edənlərə təşəkkürünü bildirib. Gənclərə bir Azərbaycanlı olaraq daima öz üzərlərində işləməyi tövsiyə edib.
Sonda rektor Gülçöhrə Məmmədova Məsud Əfəndiyevə təşəkkür məktubu, simvolik hədiyyə və gül buketi təqdim edib. Dünya şöhrətli alimə sağlamlıq və uğurlarının davamlı olmasını arzulayıb.