“Baku City Residences” tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə təqaüd ayrılacaq
“Baku City Residences”in icraçı direktoru Ramil Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Qonaqları qəbul edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitet haqqında ətraflı məlumat verib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrinin önəminə diqqət çəkən rektor Gülçöhrə Məmmədova “Baku City Residences”lə AzMİU arasında bir sıra istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-da mühəndislik, memarlıq və dizayn ixtisasları üzrə təhsil alan tələbələrin şirkət tərəfindən reallaşdırılan böyükmiqyaslı layihələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna imkanlar yarada bilər.
AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyən Ramil Məhərrəmov “Baku City Residences” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, AzMİU alimlərinin inşaat sektoru ilə bağlı elmi tədqiqatları “Baku City Residences” üçün mühüm əhəmiyyət kəsb edir və şirkət mühəndis kadrların yetişdirilməsi işində universitetlə müxtəlif formalarda əməkdaşlıq etmək niyyətindədir.
Görüş zamanı nümayəndə heyətinin də iştirakı ilə iki qurum arasında əməkdaşlıq imkanları, əlaqələrin gücləndirilməsi üçün vacib olan amillər, xüsusilə təhsil, elm və istehsalat üçbucağının yaradılması, davamlı, həmçinin səmərəli əməkdaşlığın təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Sonda AzMİU ilə “Baku City Residences” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin “Baku City Residences” şirkətində təcrübəyə cəlb olunması, universitet məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.
Qeyd edək ki, “Baku City Residences” və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanan memorandumun əsas məqsədi memarlıq, şəhərsalma sektorunun inkişafında peşəkar kadrların yetişdirilməsinə töhfə verməkdir.
Əməkdaşlıq çərçivəsində “Baku City Residences” Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan bir qrup tələbəyə fərdi təqaüd ayıracaq. Öncədən müəyyən olunmuş kriteriyalar əsasında seçilən tələbələrə “Baku City Residences”in müxtəlif departamentlərində çalışmaq imkanı yaradılacaq.