Tarixi kökə söykənən qardaşlıq – AzMİU-da ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin və  Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib.

AzMİU-nun Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə rektor professor Gülçöhrə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov və şöbənin əməkdaşları, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin başkanı Serkan Sultanlı və əməkdaşları,  professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Əvvəlcə Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün  çıxışlarının yer aldığı videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən rektor professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb. Rektor qeyd  edib ki, Azərbaycan və Türkiyə qardaşlığı tarixi köklərə söykənir. Xalqlarımız tarixi birlik və sarsılmaz dostluq əlaqələri ilə bir-birinə bağlıdır və bu iki dövlət konteksində bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulan münasibətlər 44 günlük Zəfər tariximizdə də özünü göstərdi. Xalqlarımızın birliyi bizi hər zaman sevindirir, qürurlandırır, parlaq gələcəyə ruhlandırır.  Çıxışın yekununda Ulu Öndərin tarixi “İki dövlət, bir millət” statını səsləndirən rektor qardaşlığımızın əbədi  olacağına əminliyini ifadə edib. 

AzMİU-da təhsil alan əcnəbi tələbələr onlara təhsil həyatında göstərilən qayğı və dəstəyə görə professor Gülçöhrə Məmmədovaya təşəkkür edib, ona gül buketi təqdim ediblər. 

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov da tədbirin əhəmiyyətinə toxunub, Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında olan dostluq və qardaşlığa verdiyi önəmə diqqət çəkiblər. 

Tədbir tələbələrin ifasında maraqlı çıxışlarla davam edib. “Şən Azərbaycan”, “Heydər xalqım deyəcək”, “Gəz oğlum” mahnıları, “Ben Anadoluyum” və digər şeir kompozisiyaları səsləndirilib. 

Sonda tələbələr əllərində Türkiyə və Azərbaycan bayraqları ilə səhnəyə çıxıblar.

26-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]