İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkil etdiyi kursları uğurla bitirən tələbələr mükafatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İtaliya-Azərbaycan Dizayn Mərkəzinin çin dili, kalliqrafiya, foto və 3D prototipləşdirmə istiqamətlərində təşkil etdiyi kursları uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunub.
Tədbiri açıq elan edən İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov çin dili, kalliqrafiya, foto və 3D prototipləşdirmə kursları barədə informasiya verib. O, qeyd edib ki, kurslara mərkəzlə uğurlu əməkdaşlıq əlaqələri quran Azərbaycan Fotoqraflar Birliyinin peşəkar fotoqrafları, Xarici Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun çinli müəllimləri, 3D prototipləşdirmə üzrə mütəxəssis cəlb olunub. Hazırda 3 kurs uğurla tamamlanıb, çin dili kursu da yekunlaşmaq üzrədir. O, əlavə olaraq çin dili kursunu uğurla tamamlayacaq tələbələrin Çinə səfərinin də nəzərdə tutulduğunu söyləyib.
AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman, Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jixua, 3D prototipləşdirmə üzrə peşəkar mütəxəssis Toğrul Sərdarlı çıxışlarında kursların tələbələr üçün əhəmiyyətinə toxunublar. Çıxışçılar kursları müvəffəqiyyətlə tamamlayan tələbələri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin gedişində tələbə və müəllimlərə sertifikatlar və təşəkkürnamələr təqdim olunub. Foto kurslarını fərqlənmə ilə bitirən 3 tələbəyə Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman tərəfindən beynəlxalq press kart verilib.
Qonaqlar kursların yüksək səviyyədə təşkil edilməsinə görə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov və Mərkəzin mütəxəssisi İlkanə Səmədovaya öz təşəkkürlərini bildiriblər. Fərid Kərimova Azərbaycan Fotoqraflar Birliyi tərəfindən press kart, İlkanə Səmədovaya isə təşəkkürnamə təqdim olunub.