Latviyalı məşhur memar AzMİU-da təqdimatla çıxış edib

Latviya Respublikasının RİSEBA Universitetinin Memarlıq və dizayn fakültəsinin müəllimi, “Studio Around” MMC-nin təsisçisi Reinis Predelis  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllim və tələbə heyəti qarşısında geniş təqdimatla çıxış edib.  

AzMİU-nun İtalya-Azərbaycan Dizayn Mərkəzində keçirilən təqdimatın birinci hissəsində qonaq RİSEBA Universiteti, onun tarixi, çalışdığı fakültə, akademik heyəti, memarlıq və dizayn sahəsində əldə edilən elmi yeniliklər barədə ətraflı məlumat verilib və universitetinin beynəlxalq əlaqələrindən danışılıb.

İkinci hissədə isə “Studio Around” MMC-nin fəaliyyət istiqamətləri, şirkətə məxsus böyük layihələrdən bəhs edilib. 

Bundan əlavə, təqdimat zaman memarlıq sahəsində peşəkar təcrübəyə malik mütəxəssis özünün iş prosesində qarşılaşdığı problemlər və onların həll yollarından söhbət açıb, tələbələrlə öz təcrübələrini bölüşüb. 

Təqdimatın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Reinis Predelis bir sıra görkəmli layihənin və müsabiqə işinin müəllifi və həmmüəllifidir. Dünyanın iddialı layihələrindən olan VERDE ofis kompleksi, Köhnə Riqa Mehmanxana Kompleksi və Oslo Vikinq Muzeyinin restavrasiyasında aparıcı memar olaraq iştirak edib. Yerinə yetirdiyi restavrasiya layihələri insan rahatlığı, funksional ehtiyacların təmin olunması və estetik aspektlərin gözlənilməsi baxımından xüsusilə seçilir.
 

20-10-2023