Latviyanın RİSEBA Universiteti restovrasiya istiqamətində AzMİU-nun təcrübəsindən faydalanmaq niyyətindədir

Latviya Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri – müşavirlər Viya Buşa və Elmira Mirzəyeva, həmçinin Latviyanın RİSEBA Universitetinin Memarlıq və dizayn fakültəsinin müəllimi, “Studio Around” MMC-nin təsisçisi Reinis Predelis Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. 

Qonaqlar AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva ilə görüşüblər. Görüşdə universitetin Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov da iştirak ediblər. 

Professor Nərgiz Abdullayeva qonaqlara AzMİU, xüsusilə universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. 

Səfirlik nümayəndələri görüşə görə təşəkkür edib, AzMİU haqqında onlarda xoş təəssürat olduğunu bildiriblər.  

Reinis Predelisi təmsil etdiyi universitetin memarlıq sahəsində AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. RİSEBA Universitetində modernist üslubda çalışan mütəxəssislərin çox olduğunu, lakin restovrasiya istiqamətində AzMİU-nun təcrübə imkanlarından faydalanmaq istədiklərini diqqətə çatdırıb. O, gələcəkdə müəllim-tələbə mübadiləsi, ikili diplom proqramları üzrə əməkdaşlığa başlamaq, qarşılıqlı təcrübə imkanlarından yararlanmaq niyyətini dilə gətirib. 
 
Professor Zahidə Məmmədova qonaqları rəhbərlik etdiyi fakültənin tarixi, nəzdində olan kafedralar, ixtisaslar, dünyanın ən qabaqcıl və nüfuzlu universitetləri ilə memarlıq və dizayn sahəsində qurulan uğurlu əməkdaşlıqlar barədə məlumatlandırıb. Fakültədə mütəmadi olaraq xarici müəllimlərin mühazirə dediyini, elmi tədqiqat işləri apardıqlarını onların diqqətinə çatdırıb. 

Görüşdə Latviya Universitetləri ilə gələcək əməkdaşlıq məsələləri və ikitərəfli əlaqələrin inkişaf perspektivləri, təcrübə mübadiləsi geniş müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Qonaqlar daha sonra Memarlıq fakültəsini gəzib, tələbələrin memarlıq və dizayn üzrə beynəlxalq müsabiqələrə təqdim olunan uğurlu buraxılış işləri ilə tanış olublar.  

Sonda Reinis Predelisi RİSEBA Universitetinin nəşri olan memarlıq və dizayn mövzusunda məqalə və tezislərin yer aldığı kitabları fakültəyə hədiyyə edib.
 

20-10-2023