AzMİU-nun şəhid məzunu Vüsal Kazımovun xatirəsinə həsr olunmuş Şahmat Turniri keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) şəhid məzunu Vüsal Kazımovun xatirəsinə həsr edilmiş fakültələrarası şahmat turnirinin final mərhələsi keçirilib.

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə təşkil edilən və 60 tələbənin qatıldığı turnir 3 gün davam edib.

Turnirin final mərhələsində şəhidin ailə üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. 

AzMİU THİK-in sədri Şahmar Rəfili final mərhələsində çıxış edərək Vüsal Kazımov haqqında məlumat verib. O, qeyd edib ki, universitetdə bütün şəhidlərin adına mütəmadi tədbirlər keçirilir, hər birinin əziz xatirəsi AzMİU rəhbərliyi tərəfindən uca tutulur və keçdikləri həyat yolu gənclərimizə örnək göstərilir. THİK sədri qeyd edib ki, universitet şəhidlərinin şərəfinə AzMİU-da şəhidlər guşəsi də yaradılıb və guşədə onlar haqqında məlumatlar həkk olunub. 

Daha sonra turnirin final mərhələsinə start verilib. Şəhidin atası Vüqar Kazımov turnirin simvolik gedişini edib. 

Sonra şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Videoçarxda şəhidimizin tələbəlik və hərbi xidmət illərindəki fəaliyyətindən bəhs olunub. 

AzMİU-nun prorektoru Orxan Naqdiyev, universitet şəhərciyinin direktoru Aqşin Kərimov, şəhidin oxuduğu fakültənin dekanı olmuş Tahirə Haqverdiyeva da çıxış edərək şəhid haqqında öz xatirələrini bölüşüblər.  

Dada sonra turnirin oyunları keçirilib. Yekunda I, II, III yerləri tutan komandalar diplomlarla mükafatlandırılıb. 

Qeyd edək ki, Vüsal Vüqar oğlu Kazımov 2000-ci il avqustun 20-də Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olub. 2021-ci ildə AzMİU-nun İnşaat-texnologiyaları fakültəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət dövrünü Şuşa şəhərində keçirib.  3 mart 2022-ci ildə Şuşa şəhərində xidməti zamanı avtomobil qəzasında şəhid olub. 4 mart 2022-ci ildə II Fəxri xiyabanda dəfn edilib.
 

19-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]