AzMİU-da Təhsil Tələbə Krediti Fondunun infosessiyası keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Təhsil Tələbə Krediti Fondunun (TTKF)  infosessiyası keçirilib.

İnfossesiya ödənişli əsaslarla təhsil alan tələbələri, xüsusilə də I kursda təhsil alanları fondun fəaliyyəti və təklif etdiyi imkanlar barədə məlumatlandırmaq məqsədi daşıyıb. 

AzMİU-nun prorektoru Orxan Naqdiyev qonaqları salamlayıb, görüşün mahiyyəti haqqında tələbələrə qısa məlumat verib, gənclərə dövlət qayğısından danışıb. Bildirib ki, Fondun yaradılması ölkəmizdə təhsilə, tələbələrə dövlət qayğısının ən bariz nümunəsidir. Prorektor layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını bildirib, ehtiyacı olan tələbələri bu imkandan yararlanmağa çağırıb. 

TTKF-nin İdarə Heyətinin sədr müavini Tahir Xələfov fondun vəsaiti hesabına verilən tələbə krediti üzrə ümumi tələblərdən danışıb. O, Fondun əsas missiyasının təhsilin  əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması olduğunu vurğulayıb. 
 
Fondun Təhsil müəssisələri ilə iş üzrə aparıcı mütəxəssisi Ağca Məmmədova TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş təqdimatla çıxış edib. Ağca Məmmədova təhsil tələbə kreditinin növləri, müraciət qaydaları,  kreditin verilməsi proseduru, təhsil tələbə krediti ilə bağlı digər məsələlərə aydınlıq gətirib.

İnfosessiya tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.

17-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]