Amerikalı mütəxəssis AzMİU-da – "Azərbaycanda modernist dövrün ictimai memarlığı" mövzusunda tədqiqat aparır
Amerika Birləşmiş Ştatlarından olan mütəxəssis Lincoln Nemetz-Karlson “Fulbright” Proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi-tədqiqat aparır.
Memarlıq fakültəsinin nəzdində Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasına təhkim olunan tədqiqatçı 2023/2024-cü tədris ilində universitetin qonağı olacaq.
Lincoln Nemetz-Karlson hazırda “1970/1980-ci illərdə Azərbaycanda layihələndirilmiş və tikilmiş modernist ictimai memarlıq” mövzusunda tədqiqat işinə başlayıb. O, elmi-tədqiqat işində universitetin zəngin kitabxana fondundan və elektron resurslarından yararlanır. Bununla yanaşı, mütəxəssis Azərbaycan dilini də öyrənir.
Tədqiqatçı ölkəmizə gəldiyi ilk gündən Azərbaycanın tarixi abidələrini, məkanlarını gəzir, kafedranın əməkdaşları ilə birgə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yerləşən tarixi tikililərlə tanış olur.
Xatırladaq ki, bu tədris ilində “Fulbright” Proqramı çərçivəsində AzMİU-ya ABŞ-dan 2 mütəxəssis gəlib. Onlar aktiv şəkildə kafedranın müəllimləri və fakültənin tələbələri ilə ünsiyyətdə olur və memarlıq sahəsində ABŞ ali təhsil təcrübəsini, əldə etdikləri elmi yenilikləri bölüşürlər.