AzMİU tələbələri Türkiyədə keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər



Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) Beynəlxalq əlaqələr ofisi tərəfindən Erasmus+ günləri çərçivəsində Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Dünyanın fərqli ölkələrindən mübadilə proqramları ilə gələn tələbələr Festival zamanı öz mədəniyyətlərini, adət-ənənələrini tanıtmaq şansı qazanıb.    

Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan ODTU-lu Tələbələr və Məzunlar Dərnəyinin dəstəyi ilə  Festivalda Azərbaycanı 2023/2024-cü tədris ilinin payız semestrında ODTU-da təhsil almaq şansı qazanan AzMİU-nun Memarlıq fakültəsinin tələbələri Səbilə Zeynallı və Nigar Yaşar təmsil edib. 

Ölkəmizə aid stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, memarlıq abidələrinə dair nəşrlər, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, suvenirlər və geyimlər, milli mətbəximizdən təamlar nümayiş etdiriblər.

Guşəni ziyarət edənlərə Azərbaycanın milli mətbəxinə xas olan - dolma, plov, paxlava və digər nemətlər təqdim olunub. İştirakçılara milli sərvətlərimiz, mədəniyyət, incəsənət və mətbəx nümunələrimiz barədə ətraflı məlumat verilib.  

Festivalın gedişində müxtəlif ölkələrdən olan əcnəbi tələbələrin təqdimatında rəqslər və şeirlər ifa olunub.

Məlumat üçün qeyd edək ki, ODTU ilə AzMİU arasındakı ikili diplom proqramı çərçivəsində 2 tələbəmiz cari tədris ilində ODTU-da təhsil almaq şansı qazanıb.
 

16-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]