Texnologiya nəhəngi “Huawei”in “Seeds for the Future” layihəsinin bağlanış mərasimi keçirilib – Məzunlar arasında AzMİU tələbəsi də var
“Huawei Technologies Azerbaijan” Bakıda “Seeds for the Future” layihəsinin bağlanış mərasimini keçirib.
Mərasimdə bir sıra dövlət və özəl qurumlarının, ali təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri, o cümlədən “Seeds for the Future” layihəsinə qoşulmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və tələbələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, “Seeds for the Future” layihəsinə AzMİU-nun 5 tələbəsi qoşulub və onlardan Məftunə Salmanova respublika üzrə qalib gələn beş tələbədən biri olub. Universitetin Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi Məftunə Salamova Qətərin paytaxtı Dohada keçirilən “Huawei Seeds for the Future 2023” proqramında Azərbaycanı təmsil edib və qalib olub.
Mərasimdə çıxış edən “Huawei Azerbaijan” şirkətinin Baş İcraçı Direktoru David Xu qeyd edib ki, “Huawei” innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq, rəqəmsal dünyanı Azərbaycan xalqı üçün daha əlçatan etmək, hər bir gəncin ən son rəqəmsal texnologiyaya çıxışını hərtərəfli şəkildə təmin etmək üçün Azərbaycana dəstək olmaqdan məmnundur.
Çinin Azərbaycandakı Səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Çi Ma isə əlavə edib ki, “Huawei” Azərbaycanda rəqəmsal islahatların aparılması prosesində fəal şəkildə iştirak edib, Azərbaycan xalqına yüksək keyfiyyətli məhsul və texnoloji xidmətlər təqdim etməyə davam edir.
“Seeds for the Future” proqramı dörd əsas dəyər əsasında qurulmalıdır: İnnovasiya, Rəqəmsallaşma, Davamlılıq və Sahibkarlıq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bütün proses ərzində bu layihəyə tam dəstək göstərib. Qurumun sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva qeyd edib: "Biz Azərbaycanda təkcə geosiyasi dəyişikliklərin deyil, həmçinin iqtisadiyyatda, xüsusən də İKT sahəsində inkişafın müşahidə olunduğu çox məhsuldar dövrləri yaşayırıq".
İlk dəfə 2008-ci ildə Taylandda, 2016-cı ildə isə Azərbaycanda əsası qoyulan “Seeds for the Future” “Huawei”in ən uzun müddət dava edən və ən yüksək investisiyaya malik korporativ səviyyəli KSM flaqman proqramıdır. 2022-ci ilin sonuna qədər Azərbaycandan ümumilikdə 76 tələbə proqramı başa vurub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə qeyd edib ki, “Huawei” şirkəti Azərbaycanda ilk dəfə olaraq rəhbərlik etdiyi ali təhsil ocağında ICT Akademiyası yaradıb və bu yaxınlarda onun açılışı olacaq.
“Dünyada ixtisaslaşmış istedadlı kadrların yetişdirilməsində və texnoloji inkişaf üçün zəruri ekosistemin yaradılması sahələrində rəqabət müşahidə olunur. Bu məqsədə nail olmaq üçün bir çox ölkələr öz strategiyalarını işləyib hazırlayıblar. Azərbaycanın 2022/2026-cı illər üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf strategiyası var” - deyə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov bildirib.
2023-cü ildə 5 tələbə Doha və Dubayda iki həftəlik “Seeds for the Future” təlim proqramında iştirak etmək üçün dəvət olunub. Azərbaycan komandasına Çində keçiriləcək “Tech4Good” Qlobal Müsabiqəsində 2023-də 100 000 ABŞ dolları dəyərində startap fondu uğrunda mübarizə aparmaq imkanı əldə etmək şansı verilib.
“Bu tələbələrin hansı ali məktəbdən olmasından asılı olmayaraq, onların hər biri Azərbaycanı təmsil edir. Onlar gələcəkdə “Huawei”nin tərəfdaş şirkəti ola biləcək bir ideya irəli sürə bilərlər”- deyə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov yekunda qeyd edib.