“Səhifələrin birinə özümü çəkdim və üzərinə kiçik bir qeyd yazdım- Gələcəyin memarı...” – MÜSAHİBƏ


Müsahibimiz ali məktəbə qəbul imtahanında 651 bal toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq ixtisasını seçib. Onunla görüşmək, tələbə həyatı barədə söhbətləşmək istədik. Səmimi və maraqlı müsahibə alındı. Müsahibəmizin məqsədi istedadlı tələbələri təbliğ etməklə gələcək tələbələr üçün stimul yaratmaqdır. 

Əvvəlcə Murad Əbusətdarın öz dilindən TƏQDİMATI:

Mən Murad Əbusətdar 2006-cı ildə Bakı şəhərində anadan olmuşam. Ailədə 5 nəfərik. Özümdən bir yaş kiçik qardaşım, 4 yaşında bacım var. Nərimanov rayonu 212 saylı tam orta məktəbdə təhsil almışam. Məktəbi əla qiymətlərlə bitirmişəm və Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda topladığım 651 balla Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin ingilis bölməsinə daxil olmuşam. 


- Nə zaman qərar verdiniz ki, memar olmaq istəyirsiniz?

 Bu seçimim özümü dərk edəndən var idi.  İlk rəsm əsərimi 4 yaşım olanda baxçada çəkmişəm. Xatırlayıram, orada ağac şəkli təsvir etmişdim. İbtidai sinifdə rəsmə marağım daha da artdı, çoxlu şəkil çəkməyə başladım. Bununla yanaşı maraqlı fiqurlar hazırlayır, etdiklərimdən böyük zövq alırdım. IV sinifdə qərar verdim ki, memar peşəsinə yiyələnəcəyəm. Bir dəftərim var idi. Onu özüm düzəltmişdim, üzəri qızılı rəngli idi. Onun iki səhifəsi boş, qalan səhifələri isə ailə üzvlərimin portretləriydi. Səhifələrin birinə özümü çəkdim və üzərinə kiçik bir qeyd yazdım – Gələcəyin memarı. O eşqlə yola çıxaraq AzMİU-nu seçdim.  

AzMİU-nu seçməyimə gəlincə, ətrafımda dostlarım çoxdur. Onlar arasında memarlar da var.  Universitet barədə məlumatları onlardan alırdım. Memar Urfan Məmmədovun youtubeda memarlıq təhsili barədə videolarına baxmışdım. Özü ilə də ünsiyyət imkanım yarandı. Onun yaratdığı saytdan yararlanıb, memarlıqla bağlı müsahibələrinə baxmışdım. İlham qaynağım o olub. Onun memarlığa incəsənət tərəfdən yanaşması diqqətimi cəlb edib.

 
- Artıq dərs ilinə  start verilib. Siz yəqin ki, tədris aparan ixtisas müəllimləri ilə ünsiyyətdə olmusunuz. Bilmək istərdik ki, AzMİU təəssüratınızı doğrulda bildimi? 


Universitet gözləntilərimi doğrultdu. İlk gün heykəltaraşlıq fənnindən Camal müəllimin dərsində iştirak etdim. Onun bir sözü yaddaşıma həkk olundu. Yaxşı memar olmaq istəyirsinizsə, müasir memarlığa köklənin, yeniliyə hər zaman açıq olun. Bu fikir xoşuma gəldi, bundan sonra rast gəldiyim abstrakt rəsmləri ona göstərdim. O, mənə orada olan dərin mənanı izah etdi. İncəsənət ruhunu mənə ötürə bildi. 


- Rəqabətin güclü olduğu mühitdə 651 bal kifayət qədər yüksək nəticədir. Yaxşı nəticə göstərmək üçün yaşıdlarınıza və ya abituriyentlərə nə məsləhət verərdiniz?


İnsan birinci növbədə məqsədlərini və hədəflərini bilməlidir. Nəyin uğruna mübarizə apardığını bilməyəndə insan boşluqda qalır. Zamanı qeyri-müəyyənliyə sərf edir, nəticədə xüsusi fayda qazana bilmir. Düşünürəm ki, diqqəti cəmləmək, daha çox çalışmaq lazımdır. Məsələn, həmin dövrdə mən sosial mediaya fasilə vermişdim, daha çox dərslərə köklənmişdim. 


İndi də AzMİU-nu fəqlənən tələbə kimi qurtarmaq, ölkəmizin sayılıb-seçilən memarı olmaq istəyirəm. Hazırda qrupumuzun sinif nümayəndəsiyəm. Böyük həvəslə dərslərə qatılıram, müəllimlərimin bilik və bacarıqlarından yararlanıram. 

Müsahibəni apardı: Günel Həsənova
 

09-10-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]